12.09.2016

Şəki şəhərində “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda respublika konfransı  öz işinə başladı.

2 gün davam edəcək tədbir AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu, Şəki Rayon İcra Hakimiyyəti və AMEA Şəki Elm Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Konfransı giriş sözü ilə Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini  Həsən Həsənov açaraq qonaqları salamlayaraq demoqrafiya məsələlərinə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb, konfransın işində uğurlar arzulayıb.

Sonra AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru,  akademik Ramiz Məmmədov gündəlikdə duran  məsələlər - Azərbaycanın müasir demoqrafiq vəziyyəti; əhali məskunlaşmasında olan problemlər, onların həlli yollarının müzakirə olunacağı haqqında məlumat verib. O deyib  ki, Respublikamızda ilk müstəqillik illərindən başlayaraq  müşahidə olunan iqtisadi dəyişikliklər  demoqrafiq inkişafa da öz mənfi təsirini göstərmişdir. Nəticədə təbii artım azalmış, miqrasiya intensivliyi artmış və əhalinin regional paylanmasında disproporsiya xeyli güclənmişdir. Bildirilib  ki, regionlarda məskunlaşma sistemində, əhalinin iş yerləri ilə təminatında, xüsusən həyat şəraitində olan çətinliklər nəticəsində miqrasiya artmış və əhalinin böyük hissəsi Abşeronda cəmləşmişdir. Respublika Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş iclasda ölkədə demoqrafiq inkişafın nizamlanmasına xüsusi diqqət yetirilməsini alimlər qarşısında xüsusi vəzifə qoymuşdur. Ona görə də müasir, iqtisadi islahatlar aparılan dövrdə demoqrafik islahatın nizamlanması üçün onun elmi cəhətdən müzakirə olunması vacib məsələ kimi qarşıda durur.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxanVəliyev çıxış  edərək bildirib ki, əhalinin demoqrafiyasında müxtəlif millətlərin multikulturalizm mühitində yaşaması xüsusi əhəmiyyət daşıyır. O deyib ki, Şəki-Zaqatala bölgəsində müxtəlif millətlərin yaşamasına baxmayaraq, onların hamısı üçün eyni şərait yaradıldığından əhalinin mexaniki yerdəyişməsi müşahidə edilmir. Bu sahədə 2016-cı ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən multikulturalizm ili elan edilməsi təqdirəlayiqdir.

AMEA Şəki Regional Elm Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru,  professor Yusif  Şükürlü çıxışında Azərbaycanda elmin inkişafı məsələlərinə toxunub, tədbirin məhz Şəkidə keçirilməsini regionun  strateji əhəmiyyət daşıması ilə əlaqələndirərək, onun  elmi nöqteyi-nəzərdən geniş ictimaiyyətə çatdırılmasını yüksək qiymətləndirib.

Sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Xidmət rəisi, professor Ramiz Quliyev “Şəki rayonunun torpaq fondu və ərazinin  milli-məkan şəraiti” mövzusu ilə geniş məruzə edib. Azərbaycan torpaqlarının ərazi üzrə elektron kadastr uçotu işinin icrası ilə əlaqədar məlumat verib, Şəki rayonu üzrə torpaq bölgüsünün müxtəlif aspektlərdən – kənd-təsərrüfat torpaqlarının kəmiyyət, keyfiyyət, mülkiyyət növləri və s. üzrə təhlilini aparıb. Natiqin sözlərinə görə, akademik Ramiz Məmmədovun bilavasitə böyük köməkliyi nəticəsində Şəki rayon  torpaqlarının qiymətləndirilməsi  işi görülüb, torpaqların meyllilik xəritəsi işlənib. Torpaq bölgüsündəki uyğunsuzluqlar, sürüşmələr həmin xəritədə göstərilib. Alim 2010-cu ilin sonuna qədər kadastr sistemi üzrə elektron xidmətlər məlumat işlərinin başa çatacağını da diqqətə çatdırıb.   

Fasilədən sonra konfrans işini seksiyalar üzrə davam etdirib.

C.e.d., professor  Z.Eminovun sədrliyi ilə “Şəki-Zaqatala iqtisadi rayonunun demoqrafik vəziyyəti və sosial-iqtisadi inkişaf problemləri” və AMEA-nın müxbir üzvü, professor E.Əlizadənin sədrliyi ilə  “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-dağıdıcı hadisələr və onlardan mühafizə tədbirləri” bölmələrində, hər ikisində 8 olmaqla ümumilikdə, müxtəlif mövzularda 16 məruzə dinlənilib.

Sabah, sentyabrın 13-də  “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-iqtisadi və landşaft-ekoloji potensialinin  səmərəli istifadə edilməsi”  mövzusunda olan 3-cü bölmədə konfrans işini 8 məruzə ilə davam etdirəcək.

Geniş müzakirələrdən sonra Azərbaycanda demoqrafik inkişafın müasir problemləri və onların həlli yollarını özündə əks etdirən konfransda işlənib hazırlanmış təkliflər yekun qərar şəklində   mövcud dövlət idarəetmə orqanlarına təqdim olunacaqdır.

 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.igaz.az saytına istinad zəruridir.