20.09.2016

Coğrafiya İnstitutunun bir qrup gənc əməkdaşı: kiçik elmi işçilər - Hüseynova Xədcəxanım, Bayramov Tural, İmamverdiyev Nicat, Cəbrayılov Emil və laborant  Ərtunov  Nofəl sentyabrın 5-dən 17-dək Gürcüstanda keçirilən "Yeni Dağ Üfüqləri: Dəyişən Dünyada Qafqaz Regionu" adlı yay məktəbində iştirak ediblər.

Məktəbin məqsədi elm və sülh naminə gənc təqdiqatçıların Beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılmasıdır.

"Qafqaz regionunda dağlıq ərazilərin dayanıqlı inkişafına dəstək" layihəsi çərçivəsində keçirilən yay məktəbi Rusiya Elmlər Akademiyası Coğrafiya İnstitutunun təşkilatçılığı və İsveçrə Milli Elm Fondunun, İsveçrə İnkişaf və Korporasiya Agentliyi və İsveçrə Qafqaz Şəbəkəsi Akademiyasının maliyyə dəstəyi ilə baş tutmuşdur. Samtsxe-Cavaxeti regionunun Abastumani qəsəbəsində keçirilən tədbirdə Gürcüstan, Azərbaycan, Türkiyə, İran, Rusiya və Ermənistan respublikalarından nümayəndələr iştirak etmişlər.

İlk iki gün ərzində Qafqaz regionunda iqlim dəyişiklikləri, təbii fəlakətlər, torpaqdan istifadə və idarəetmə, turizmin dayanıqlı inkişafı mövzularında mühazirələr dinlənilmişdir. AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Cənubi Qafqazın dağlıq ərazilərində təbii risklər” (Azərbaycanın timsalında) adlı məruzə ilə çıxış etmişdir.

Sonrakı günlərdə çöl tədqiqatları və praktik dərslər keçirilmişdir. Abastumani, Ude, Zazalo kəndlərində yerli əhali ilə sorğular keçirilmiş, landşaftın idarəedilməsinə dair praktik məşğələlər aparılmışdır. Xulo qəsəbəsində isə bələdiyyə sədri ilə görüş təşkil olunmuş və regionun problemləri müzakirə olunmuşdur. Tədbirin son günlərində dağlıq ərazilərin xəritələşdirilməsi mövzusunda mühazirələr dinlənilmiş və müvafiq çöl tədqiqatları aparılmışdır. Alınmış nəticələr onlayn serverlərlə yüklənmişdir.

Yay məktəbinin iştirakçıları tərəfindən bu günlər ərzində aparılmış tədqiqatlar əsasında prezentasiyalar hazırlanmış və nümayiş etdirilmişdir.

Sonda yay məktəbinin iştirakçılarına  sertifikat  verilmişdir.

 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.igaz.az saytına istinad zəruridir.