28.03.2017
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən direktorun elmi işlər üzrə sabiq müavini, görkəmli coğrafiyaşünas alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, AMEA-nın müxbir üzvü, coğrafiya üzrə elmlər doktoru, professor Elbrus Kərim oğlu Əlizadənin biblioqrafiyası çapdan çıxıb.
Kitabda alimin elmi və elmi-təşkilatı fəaliyyəti, elmi əsərlərinin xronoloji göstəricisi, tədris-metodiki əsərləri, mətbuatdakı publisistik və elmi-kütləvi çıxışları, dissertasiyalara elmi rəhbərlik, elmi hesabatları, ən mühüm elmi nəticələri, qrant işləri, monoqrafiyaları haqqında məlumatlar yer alıb. Kitabın sonunda səbəbkarın həyat və fəaliyyətini əks etdirən şəkillərdən ibarət fotoxronologiya verilib.
Biblioqrafiya akademik R. Məmmədovun redaktorluğu ilə Azərbaycan, ingilis və rus dillərində “Avropa” nəşriyyatında çap edilib.
♦ ♦ ♦
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyəti əsərlərinin XIX cildi nəşr olunub.
“Azərbaycanın dağ geosistemləri: problemlər və perspektivlər” adlanan növbəti cild Azərbaycanda coğrafiya elminin inkişafında böyük xidmətləri olan, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, AMEA-nın müxbir üzvü, coğrafiya üzrə elmlər doktoru, professor Elbrus Əlizadənin xatirəsinə ithaf olunub. Əsərlər toplusunda dağlıq ərazilərdə geoloji-geomorfoloji tədqiqatların müasir istiqamətləri, landşaft planlaşdırılması, qlobal iqlim dəyişmələrinin təzahürləri, su resurslarından istifadə, ekoloji-coğrafi və sosial-iqtisadi problemlərin tədqiqinə dair dəyərli elmi məqalələr, eləcə də E.Əlizadə haqqında xatirələr də yer alıb.
Əsər elmi işçilər, müəllimlər, doktorantlar, magistr və bakalavrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Hər iki kitab 2016-cı il, dekabrın 29-da qəflətən vəfat etmiş E.K.Əlizadənin 60 illik yubileyi münasibəti və akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə nəşr edilib.