11.05.2017

Mayın 11-də  AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər H.Ə.Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Müasir cəmiyyətdə

coğrafiya elminin inkişafı” mövzusuna həsr olunmuş seminar keçirilib. GAMŞ-ın  sədri c.ü.f.d. Samirə Ələkbərova “Gənc nəslin formalaşmasında coğrafiya elminin rolu” mövzusunda məruzə ilə çıxış edib. 

S.Ələkbərova öz çıxışına ulu öndərin sözləri ilə başlayaraq, bugünkü gəncliyin sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclik olduğunu qeyd etmiş, onların  əsas məqsədinin mükəmməl təhsil almaq, həyatı dərindən öyrənmək, öz xalqına, dövlətinə xidmət etməkdən ibarət olduğunu vurğulamışdır. Şura sədri H.Ə.Əliyevin Azərbaycan elminin inkişafındakı  böyük xidmətlərindən danışıb, onun elmə, alimə həmişə yüksək qiymət verməsini,   milli kadr potensialının, o cümlədən bir çox elm sahələri kimi coğrafiya üzrə də mütəxəssis kadrların hazırlanmasındakı böyük rolunu xüsusi qeyd edib. Gənc nəslin formalaşmasında, elmi fəaliyyətlərinin inkişaf etdirilməsində müxtəlif elm sahələrinin, xüsusilə coğrafiya elminin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Daha sonra seminara dəvət olunmuş “Aminat Language School”-un təlimçisi Əminət Diqanayeva IELTS imtahan sistemi haqqında gənc alimlərə geniş məlumat təqdim edib. Məruzə  IELTS imtahanı sisteminə uyğun olaraq sözlərin düzgün oxunuşu, qrafiklərin hazırlanması, esselərin yazılmasına dair təlimatların verilməsi sahələrini əhatə edib.  Qarşılıqlı fikir mübadiləsi və diskussiya şəklində keçirilmiş təlimdə, IELTS haqqında məlumatlarla yanaşı, imtahan haqqında bəzi məqamlar da dinləyicilərin nəzərinə çatdırılıb.

Təlim-seminar  aşağıdakı məsələləri əhatə edib: 1. IELTS nədir; 2. Niyə İELTS; 3. İmtahan prosesi haqqında məlumatlandırma; 4. IELTS suallarının növləri; 5. Ümumi IELTS-mi (General Training), akademik IELTS-mi;  6. IELTS-in güvənliyi.