COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Fevral 2013 > >>
Bz Çr Çr Cm Şn Bz
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 24
25 26 27 28      
Samur-Dəvəçi ovalıq
Qusar rayonu, Ləzə kəndi
Kiçik Qafqaz, Murovdağ
Böyük Qafqaz, Afurca şəlalə
Böyük Qafqaz, Rustov çökəkliyi
Xəzər dənizin sahili
Beşbarmağ dağı
Gudiyalçayın dərəsi
Naxçıvan MR, Batabat gölü
Naxçıvan MR
Şollar ovalıq, meşə
Gudiyalçay
Çuxuryurd çökəkliyi
Gobustan
Naxçıvan MR, Duzdağ mağarası
Palçıq vulkanın qrifonu
Palçıq vulkanın sopka
Böyük Qafqaz, Şahdağ-Gızılqaya dağ massivi
Cənub-Şərqi Şirvan
Kür çayı

Turizm dünyanın əksər ölkələrinin təsərrüfat strukturunda getdikcə daha böyük əhəmiyyət kəsb edir. Təbii-coğrafi potensial və mədəni-tarixi obyektlərlə yanaşı, kənd məntəqələrinin imkanlarından istifadə edilməsi əsasında da bu sahənin fəaliyyəti genişlənir. Kənd turizmi artıq xeyli sayda ölkədə turizm təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayır.

Bununla yanaşı, bu sahə kəndlərin və kənd təsərrüfatının inkişafına, sosial-mədəni xidmət sahələrinin yaradılmasına və onların göstərdiyi xidmətlərin səviyyəsinin yüksəldilməsinə, əhalinin məşğulluğunun təmin edilməsinə və gəlirlərinin artmasına müsbət təsir göstərir. Məqalədə İran İR-də kənd turizminin inkişaf imkanları və əsas istiqamətləri təhlil olunur.

Tədqiqatın aktuallığı və məqsədi. Kənd məskunlaşmasının üstün olduğu regionlarda ətraf mühit insanlar tərəfindən nisbətən az dəyişdirilmişdir. Ona görə bu ərazilərin təbii, iqtisadi, sosial-mədəni, demoqrafik və s. potensialından əhalinin istirahətinin təşkili üçün istifadə edilməsi imkanları böyükdür. Kəndlərin sosial-iqtisadi inkişafında, məntəqələr arasında əlaqələrin genişlənməsində, infrastruktur şəbəkəsinin yaradılmasında və regionların inkişafında onların rolunun artırılması vacibdir. Kənd məskunlaşmasının qorunan təbii mühiti, təbiətin özünübərpa sisteminin təmin edilməsi bu ərazilərdən turizm sənayesinin inkişafında istifadə olunması imkanlarını genişləndirir. Ona görə hazırda bir çox ölkələrdə yaradılmış xidmət sahələri və əlverişli təbii şərait kənd yerlərinə getdikcə daha çox turist cəlb edir.

Kənd turizminin inkişafı kəndlərin sosial-iqtisadi inkişafında, əhalinin iş yerləri ilə təminatında, ərazilərin təbii-iqtisadi potensialından səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynaya bilər. Kənd turizminin inkişaf etdirilməsində məqsəd regionlarda təbii-coğrafi, sosial-iqtisadi və demoqrafik potensialından, mədəni-tarixi abidələrindən istifadə edilməsi ilə yanaşı, əhalinin istirahəti və sağlamlığının bərpasının təşkili, turizm sənayesində kəndlərin rolunun yüksəldilməsi, bununla əlaqədar xarici turistlərin regionlara cəlb edilməsi və bu sahədən əldə edilən gəlirlərin artırılmasıdır.

İşin məzmunu. Kənd turizminin növləri və inkişaf potensialı genişdir. Bu sahə mədəniyyətin təbliğinə, qorunmasına və inkişafına şərait yaradan fəaliyyət növlərindən biridir. Müxtəlif ölkələrdə kənd turizminin inkişafı üçün xüsusi proqramlar hazırlanmışdır. Bu proqramlarda ətraf mühit və sosial-mədəni abidələrlə tanışlıq, həmçinin  gəlirlərin əldə edilməsi, kəndlərdə yaşayan əhali üçün əlverişli həyat şəraitinin yaradılması nəzərdə tutulmuşdur.   

Turizm təsərrüfatının inkişafında kənd turizminin rolunun artırılması, bu sahənin davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə Beynəlxalq Turizm Təşkilatı (BTT) prinsiplər müəyyən etmişdir:

- Kənd turizminin təşkili və perspektiv İnkişaf Proqramları müxtəlif dövlət orqanlarının, özəl sektorun və ayrı-ayrı şəxslərin birgə iştirakı və qarşılıqlı əməkdaşlığı, onların iqtisadi mənafeləri nəzərə alınmaqla hazırlanmalıdır, bu sahənin inkişafını təmin edən tədbirlər əlaqələndirilməlidir. Bu istiqamətdə hazırlanan Proqramlar xalqların yaşadığı regionların davamlı inkişafı üçün strateji xarakter daşımalıdır. Hazırda ekoturizm sahəsi turizmin inkişaf etdiyi əksər tropik ölkələrdə, o cümlədən Malaziyada, Tailandda, Okeaniya, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində geniş vüsət almışdır.

- Kənd turizminin mədəniyyət və ekologiya baxımından əhəmiyyəti çoxdur. Kəndlərin inkişafı, onların iqtisadi və sosial bazasının möhkəmləndirilməsi, əhalinin məşğulluğunun yüksəldilməsi sahəsində kənd turizminin üstünlükləri və imkanları genişdir. Turizm təsərrüfatının fəaliyyətlərinin başlıca iqtisadi əhəmyyətindən biri kənd yerlərində daimi və il boyu fəaliyyət göstərən əlavə gəlir mənbəyinin yaradılmasından və kəndlərdə iş yerlərinin açılmasından ibarətdir. Nəticədə kənd yerlərində yoxsulluq səviyyəsi aşağı düşür, əhalinin rifah halı yüksəlir və şəhərlərə miqrasiyanın qarşısı müəyyən qədər alınır. Bu təsərrüfat sahəsinin fəaliyyəti ilə kənd əhalisi istehsal etdikləri məhsulların satışı üçün yeni bazarlar əldə edirlər.

Kənd turizminin digər üstün cəhətləri arasında kustar sənaye məhsullarının, əl işləri ilə hazırlanan məhsulların, yerli və ənənəvi yeməklərin, onların bişirilməsi üçün lazım olan ərzaq məhsullarının satışından əldə edilən gəlirləri də göstərmək olar.  Həmçinin, evlərin turistlərə kirayəsindən, turistlərin daşınmasından, bələdçilikdən, təbiətin mənzərəli yerlərinə və muzeylərə baxışdan, yerli vergi və rüsümlardan, ənənəvi mərasim və  ayinlərin təşkilindən əldə edilən gəlirləri göstərmək olar.

Bundan əlavə, kənd turizminin sosial inkişafın təmin edilməsində çoxlu üstünlükləri də vardır. Bunlar dəmir və şose yollarının çəkilməsinə, müxtəlif təbii obyektlərə, mineral bulaqlara, mənzərəli yerlərə yolların çəkilməsinə kapital qoyuluşunu əhatə edir. Eyni zamanda sosial xidmət obyektlərinin, mehmanxanaların, səhiyyə müəssisələrinin tikilməsi və onların göstərdiyi xidmətlərin səviyyəsinin yüksəldilməsi, rabitə, təbii qaz, işıq, istilik, su kimi infrastruktur qurğularının quraşdırılması və müasir tələblər səviyyəsində qurulması, məktəblər və digər sosial mərkəzlərin  yaradılması kənd turizminin inkişafı nəticəsində mümkün olur.

Turizm təsərrüfatının bu sahəsinin inkişafı prosesində yerli əhali turistərə xidmət göstərmək üçün bütün imkanlardan istifadə edir. Belə ki, qədim adət-ənənələr, ayinlər, məişət qaydaları, unudulmuş və ya unudulmaqda olan bütün adətlər və mədəni-tarixi əhəmiyyəti olan mərkəzlər dirçəldilir, yada salınır, folklor sənəti nümunələri müxtəlif adlar altında turistlərə təqdim olunur, bayramlar, yarmarkalar, sərgilər təşkil olunur.

Kənd turizminin üstünlüklərindən biri də mədəni əlaqələrin qurulması, məlumatların qorunması və mübadilə edilməsidir. Xalqlar tarixi inkişaf prosesində yaradılan mədəniyyəti qoruyub saxlayır, digər xalqların ona ziyanlı təsirinə imkan vermir. Kənd turizminin fəaliyyəti və onun inkişafı üçün istifadə edilən ərazilərin genişlənməsinin, onlarda yerləşən təbii-coğrafi və mədəni-tarixi əhəmiyyəti olan turizm obyektlər artırılmasının kənd məskunlaşması zonalarının ekoloji mühitinin qorunub saxlanmasında və onların təbii tarazlılğının bərpasında əhəmiyyətli rolu vardır.

Beynəlxalq Turizm Təşkilatı turizm təsərrüfatının, onun bir sahəsi olan kənd turizminin davamlı inkişafına nail olmaq məqsədi ilə kəndlərin yerli əhalisinin ekoloji biliklərinin artırılmasını tövsiyə edir. Turizm təsərrüfatında istifadə edilməsi cəhətdən əhəmiyyət kəsb edən təbii-coğrafi mənbələrin və obyektlərin qorunması, onlardan davamlı olaraq istifadə edilməsi kənd turizminin ekoloji üstünlüklərindən biridir.

 Kənd turizminin fəaliyyəti zamanı turizm müəssisələrindən alınan vergilər, həmçinin şirkətlərin əldə etdiyi gəlirlərin bir hissəsi ətraf mühitin bərpasına və qorunub saxlanmasına sərf edilə bilər. Ən mühüm cəhətlərdən biri odur ki, kənd turizminin inkişafı sahəsində hazırlanmış proqramlar bu vəzifələrin yerinə yetirilməsi üçün istiqamətləndirici sənəd olmalıdır.

Müasir dövrdə ölkələr arasında inteqrasiyanın güclənməsi, qloballaşma prosesləri və kəndə doğru meylin güclənməsi şəraitində kənd turizminin əhəmiyyəti gündən-günə artır. Bu zaman  kənd turizmi yerli əhalinin yaşadığı ərazilərin ekoloji tarazlığının qorunmasına xidmət etməli, xalqların bəşəri dəyərlərinə hörmət əsasında planlaşdırılmalı və idarə olunmalıdır. Kənd turizmindən əldə edilən gəlirlər yerli əhali və turizmin bu növünü inkişaf etdirən dövlət və özəl şirkətlər arasında ədlətli şəkildə bölünməlidir. Kənd turizminin imkanları, onlardan istifadə edilməsinin potensialı, bu sahənin fəaliyyətinin müasir vəziyyəti, əsas mərkəzləri, marşrutları, onun fəaliyyətinin mədəni-tarixi, ekoloji və insanların yaşayış mühitinə təsiri haqqında məlumatlar, tədqiqatlar və araşdırmaların nəticələri düzgün şəkildə qiymətləndirilməlidir.    

Kənd turizminin inkişafı prosesində ətraf mühit haqqında təkliflər, sosial-iqtisadi planlar ətraflı şəkildə,  turizmin  müxtəlif növlərinin inkişafı nəzərə alınmaqla hazırlanmalıdır. Yerli əhalinin və turistlərin yaranmış imkanlardan daha yaxşı istifadə etməsi üçün kənd turizminin inkişafının bütün istiqamətlərinə nəzarətin təşkil olunması zəruridir.

Kənd turizminin inkişafı zamanı istirahət və əyləncə mənbələrinin köməyi ilə hər bir regionun sosial, iqtisadi və mədəni inkişafı təmin edilməli, yenidən qurulmalıdır. Qeyd etmək lazımdır ki, kənd turizminin inkişafının bütün potensialından istifadə edilməsi və imkanlarının reallaşdırılması müvafiq elmi, texnoloji, mühəndis araşdırmalarının, iqtisadi planlarla birlikdə tələb olunan maliyyə vəsaitlərinin   müəyyən edilməsini tələb edir. Bütün kəndlərdə kənd turizminin təşkil edilməsi ilə bağlı lazım olan araşdırmaların aparılması  təmin olunmalıdır.  

İran İR-də kənd turizminin inkişaf istiqamətləri. Ölkədə kənd turizmini bir neçə istiqamətdə inkişaf etdirmək olar. Turizmin bu sahələrinin inkişafı prosesində kənd məskunlaşması zonalarında yerləşən təbii-coğrafi, mədəni-tarixi, etno-demoqrafik obyektlərdən istifadə etmək, onları öyrənmək və təbliğ etmək olar. Bu mənada İran İR-də kənd turizminin aşağıdakı istiqamətləri mümkündür: 

   1.Təbii-coğrafi obyektlərə aid olan geoloji-geomorfoloji təbiət abidələrinin (dağlar, zirvələr, mağaralar, dağlararası çökəkliklər), hidroloji obyektlərin (çaylar, göllərin sahilləri, mineral bulaqlar, ovdanlar), landşaft elementlərinin (təbii mənzərələr, görməli yerlər) istifadə edilməsi əsasında turizm obyektlərinin yaradılması və onlara marşrutların müəyyən edilməsi vacibdir.

Cənubi Azərbaycanın ərazisində turizmin inkişafına xidmət edən çoxsaylı geoloji-geomorfoloji obyektlər sırasına Şərqi Azərbaycan ostanına daxil olan Təbriz nahiyəsində Səhənd, Sultan Səncər və Murovdağ, Əhər nahiyəsindəKəmtal və Qoşadağ, Mərənd nahiyəsində Mişov, Miyanə nahiyəsində Bozquş zirvələrini aid etmək olar. Regionda olan təbiət abidələri sırasına Təbriz nahiyəsinədaxil olan Səidabad kəndində İsgəndər mağarası və eyni adlı dərə, Badamdar kəndində Qədəmgah mağarası, Liqvan dərəsi, Əhər nahiyəsinədaxil olan Qaraçəmən kəndində Ağbulaq mağarası, Kəleybər şəhəri ətrafında Peyğam dərəsi, Marağa ətrafındaHampuil (Kəbutər) mağarası, Qoşayaş dərəsi,  Mərənd nahiyəsində Dugican mağarası aiddir. Culfa şəhəri ətrafında Kəyaməki zirvəsi və onun ətrafında yaradılan qoruq mühüm turizm mərkəzləri kimi istifadə edilə bilər.

Qərbi Azərbaycan ostanına daxil olanUrmiya şəhəri ətrafında Daniyel, Qara Yaxtı və Fərhad mağaraları, Təkab nahiyəsində Təxti-Süleyman yaşayış massivində Qeybabad, Kəhl və Kərəftu mağaraları, Təkab şəhəri yaxınlığında Kəhriz, Salmas nahiyəsində Qarnıyarıq dağının ətəyində eyni adlı mağara, Maku nahiyəsində Mirdavud, Mahabad nahiyəsində Böyük və Kiçik Burnik, Fəqarqa, Raqad, Nəqdə şəhəri ətrafında Zindan və Babahəsən mağaraları vardır. Miyandoab nahiyəsində Əyla və Zindan dağları arasında Əhmədabad çökəkliyi turizm mərkəzləri kimi marşrutlara daxil  edilə bilər.

Təbii-coğrafi obyektlərdən istifadə edilməsi əsasında kənd turizminin xüsusi forması kimi ekoturizm mərkəzlərindən istifadə edilməsi vacibdir. Belə mərkəzlərə Mərənd nahiyəsində alma bağları, Kişkəsra tarlaları, Urmiya şəhərinin ətrafında Milli Park, Urmiya gölünün ətrafı, onun mərkəzində olan adalar (Şah, Kəbudan, Arzu, Əspir adası), Maku nahiyəsində, Araz çayı sahillərində yaradılan Mərakən və Ağgül qoruqları, Poldəşt məntəqəsində Ağgül ov əraziləri aiddir.

     2.İqlim-balneoloji cəhətdən əlverişli olan yerlərdə, mineral bulaqlar, müalicə palçıqları, isti sular, şirin və şorsulu göllərin ətrafında müalicə mərkəzlərinin yaradılması mühüm vəzifələrdən biridir. Şərqi Azərbaycan ostanına aid olan Təbriz nahiyəsində Azərşəhr ətrafında Taptapan bulağı, Kəndovan kəndində Abmədən bulağı vardır. Bənab nahiyəsinə daxil olan Sərab şəhəri ətrafında (Allahaq, Abres), Marağa şəhəriətrafında (Vərcu, Qoşayaş)bulaqlar, Mərənd nahiyəsində Sufiyan mədən bulağı mühüm turizm obyektləri kimi istifadə edilə bilər.

Qərbi Azərbaycan ostanında Urmiya şəhərinin ətrafında (Zənbil, Qinərcə, Həftabə), Xoy nahiyəsində (Vışlıq, Eyvoğlu, “Beyləvar Şorbulaq”, Beyləvar kəndi ətrafında Zarean, Dəstə dərə, Nəvayi, Xan), Salmas nahiyəsində (Minas, Sadaqiyan) mineral bulaqlar, Maku nahiyəsində Şeqofti kəndi yaxınlığında eyni adlı mineral bulaq, “Süleyman zindanı” mineral bulağı, Sərdəşt nahiyəsində Girov bulağı vardır.

Ərazidə olan ovdanlar turizm təsərrüfatında əhəmiyyətli obyektlər sırasına daxildir. Əhər nahiyəsində (Yusifli, Dibsiz və Xarmalı), Həştrud nahiyəsində (Yanıq gülü, Bozcud, Quşa gülü, Zülbin gülü) ovdanları vardır. Maku ətrafında (Ağgül və Eşqabaq, Qarabulaq, Yarımqaya, Sarısu, Ərəb Dizəc), Miyandoab nahiyəsində (Qaragül və Yəsrilbad), Nəqdə nahiyəsinin inzibati mərkəzi ətrafında Şeytan, Yadigarlı, Cuhudabad, Gərdəqiya və Həsənli ovdanları yerləşir və onların turizm əhəmiyyətini yüksəltmək lazımdır.

Ərdəbil ostanı kənd turizminin inkişafına xidmət edən obyektlərin çox olduğu regionlardan biridir. Ostana daxil olan Ərdəbil şəhəriətrafında Neur və Şorabil gölləri, Gəncgah, Molla Məhəmməd, Nuşar və Şor göl ovdanları vardır. Burada həmçinin Boşlu bulaq, Belədərə bulaqlar kompleksi, Meşginşəhr nahiyəsinin Lahrud kəndində Qotursu bulağı, Qinrəcə və İlavənd bulaqları, Xalxal mineral bulağı səthə çıxır və mühüm turizm əhəmiyyətinə malikdir.

Cənubi Azərbaycan ərazisindən axan çayların üzərində çoxlu sayda şəlalələr vardır. Bu obyektlərin turizm təsərrüfatının inkişafında əhəmiyyəti böyükdür. Ona görə infrastruktur şəbəkəsinin yaradılması əsasında şəlalələrin turizm obyektləri sırasına daxil edilməsi zəruridir. Regionda yerləşən Culfa nahiyəsindəXaraba Dəyirman, Mərənd nahiyəsində Mişov şəlaləsi vardır. Bundan başqa Qərbi Azərbaycan ostanında olan Maku nahiyəsində Cuq Qalası kəndi ətrafında Cuq Qalası şəlaləsi, Sərdəşt nahiyəsində Səlmas şəlaləsi mühüm təbii hidroloji obyektlər sırasına daxildir. Savalan dağının ətəyində yerləşən Gurgur şəlaləsi mənzərəli təbiəti ilə seçilir.

Regionun bir neçə kəndi ətrafında səthə çıxan isti su mənbələri xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir. Onların bir çoxu hələlik yerli əhali tərəfindən istifadə olunur. Bu qrupa daxil olan obyektlərə Maku ətrafında Şutabad, Başkənd  məntəqəsində olan isti su mənbələri,Salmas nahiyəsində İsti su mədəni aiddir.

    3.Tarixi-mədəni və arxitektura əhəmiyyətinə malik olan obyektlərin təbliği və turizm təsərrüfatında istifadə edilməsi əsasında marşrutların müəyyən edilməsi zəruridir. Dini və qədim sitayiş-ziyarətgah abidələrinə məscidlər, atəşgahlar, qədim tarixə malik, daşdan yonulmuş qəbirüstü abidələr, kilsələr və başqalarını aid etmək olar. Regionda olan yaşayış məntəqələrində tarixi əhəmiyyət daşıyan, yeraltı abidələr kimi qiymətləndirilən və milli sərvət hesab olunan qədim məskənlər eyni zamanda turizm üçün mühüm potensial hesab edilir.  

Şərqi Azərbaycan ostanında  yerləşən Əcəbşir qəsəbəsi yaxınlığında Zəhhak, Sərab nahiyəsinin Şiran kəndində Ayı, Sərab şəhərinin şimalında Cuq, Culfa şəhərinin yaxınlığında, Kəyaməki dağında Kəyaməki qalası, Miyanə nahiyəsində Qızlar qalası, Həştrud nahiyəsində Zəhhak qalası qorunub saxlanır. Kəleybər   nahiyəsində (Babək, Pəştu, Peyğam, Novdü, Qəhqəhə) tarixi əhəmiyyəti olan çoxsaylı qalalar vardır

 Qərbi Azərbaycan ostanına daxil olan Maku nahiyəsndə Qara qala, Miyandoab nahiyəsinin Milan kəndi yaxınlığında Bəxtək qalası, Urmiya şəhərindən qərbdə İsmayıl Ağa qalası, nahiyənin Barduk kəndi yaxınlığında  Barduk, Du Dom və Bəxşi qalaları, Təkab nahiyəsində Təxti-Süleyman qalası mühüm tarixi əhəmiyyət kəsb edir (Şəkil 2). Xoy nahiyəsinin Qara Ziyaəddin kəndi yaxınlığında Bəstam və Belvərabad qalaları, Salmas nahiyəsində Gurçin qalası, Ərdəbil ostanının Farsabad şəhəri yaxınlığında olan Oltan kəndində Oltan qalası, Meşginşəhr nahiyəsinin Qaraqaya kəndi yaxınlığında olan Ağca qala turizm təsərrüfatında istifadə edilə bilər.

  Sərab nahiyəsinin İmamçay kəndi yaxınlığında eyni formada İmamçay tarixi-arxeoloji təpələr, “Qırx qızların qaldırdığı daşlar” adlanan abidələr kompleksi yerləşir. Qərbi Azərbaycan ostanına aid olan Salmas nahiyəsində Xan taxtı abidələr kompleksi, Nəqdə nahiyəsində, Urmiya gölünün cənub-qərbində Kəlişin kitabələri, onun inzibati mərkəzinin şimal-şərqində Həsənli adlanan qədim təpəlik yerləşir.

Araz çayının üzərində salınmış Xudafərin körpüsü Azərbaycan tarixində mühüm əhəmiyyəti olan abidələr sırasına daxildir. Onlar regionda turizmin inkişafına əhəmiyyətli təsir göstərə bilən obyektlərdir. Kəleybər nahiyəsinin Hurand qəsəbəsində tarixi əhəmiyyəti olan Qəbul dərəsi, “Əjdaha daşı” adlanan ərazilərdə tarixi əhəmiyyət kəsb edən təpələr yüksəlir. Miyanə şəhərindən 20 kilometr cənub-şərqə doğru Qız körpüsü qorunur. Maku nahiyəsində Beş bulaq körpüsü,  Mahabad nahiyəsində, Əndərqaş kəndinin ərazisində Manna şəhərinin xarabalıqları yerləşir. Ərdəbil nahiyəsində Süleyman, Kəlxorən kəndi yaxınlığında eyni adlı körpü, Balıqlı çayı üzərində Qarasu, Seyidabad və Yaqubiyyə körpüləri, Nir çayının üzərində eyni adlı körpü, Ərdəbil ətrafında İbrahimabad və Daşkəsən körpüləri tikilmişdir.

Sərab nahiyəsində ən qədim insanların yaşayış məskənləri və mədəniyyətinin izləri kimi Nəştəban, Vərzqan nahiyəsinin şərqində Sənqədəl qayaüstü yazıları qorunub saxlanılır. Qərbi Azərbaycan ostanına aid Maku nahiyəsində Rusa şəhəri ətrafında qayaüstü yazılar vardır.

Sərab nahiyəsinin Əsəq kəndində Əsəq, Camalabad kəndində Camalabad məscidi, Xanəgah kəndində Şeyx İshaq xanəgahı, Miyanə nahiyəsinin Türk kəndində olan Türk məscidi tarixi əhəmiyyəti olan abidələr sırasına daxildir.

Qərbi Azərbaycan ostanına aid Çaldıran nahiyəsində, Çaldıran kəndi yaxınlığında Qara kilsə, Barun kəndində Zozor kilsəsi, Culfa şəhəri yaxınlığında Şamdərəsi kilsəsi vardır. Ərdəbil şəhəri yaxınlığında olan Əli Qapı kəndindəki Hacı Şeyx hamamı, Korayım kəndində Qara Şirvan təpəsi qorunur. Vinəd kəndindəki daş evlər tarixi-arxitektura cəhətdən maraq doğurur. Germi şəhərinin yaxınlığında yerləşən Şeyxlər kəndi ətrafında Xarman təpəsi vardır. Aslandüz şəhərinin cənub-qərb istiqamətində yerləşən Nadir təpəsinin turizm-rekreasiya əhəmiyyəti böyükdür.

     4.Tarixi səxsiyyətlərin həyat və yaradıcılığını əks etdirən ev muzeyləri, yaşayış evləri, onlara məxsus olan məqbərələr mühüm mədəni-tarixi obyektlərdir. Bu obyektlərin turizm təsərrüfatına cəlb edilməsi, onların qorunub saxlanması, həmin şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Şərqi Azərbaycan ostanında kənd turizminin inkişafına xidmət edən obyektlər sırasına Azərşəhr nahiyəsinin Badamdar kəndində yerləşən Qədəmgah, Həris şəhərinin yaxınlığında, Xanımrud kəndində salınmış Hiq qəbrsitanlığı, Meşginşəhr nahiyəsinin Ənar kəndinin qədim qəbristanlığı, Ərdəbil şəhərinə yaxın olan Şam Əsbi kəndində Qədim Şam Əsbi,  Kəlxorən kəndində Qədim Kərcan qəbristanlıqları qorunur. Aslandüz şəhərinin ətrafında yerləşən qədim Aslandüz qəbristanlığı vardır.  Kəlxorən kəndində Əmin Ələddin Cəbrailin məqbərəsi ucalır.

      5.Davamlı olaraq inkişaf edən turizm təsərrüfatının, onun istifadə imkanlarının və buraya cəlb edilən ərazilərin genişlənməsi kənd rayonlarında kənd turizminin inkişafını zəruri etmişdir. Müxtəlif iqlim şəraitinə malik olan onlarla mənzərəli kəndlər, insanların təsərrüfat fəaliyyəti sahələrinə cəlb edilməyən, ilkin təbii formada qalan və dəyişikliyə məruz qalmayan təbiət, tarixi və mədəni irs abidələri bu yerlərdə turizminin təşkil edilməsinə imkan verir.  Belə yerlər arasında Şərqi Azərbaycan ostanında yerləşən Aga Baba Fəramərzi və Uştəbin kəndlərini, Qərbi Azərbaycan ostanında Bəstam və Dərbənd kəndlərini göstərmək olar.  Kənd əhalisinin kənd turizminin iqtisadi səmərəsi, imkanları və əhəmiyyəti haqqında məlumatının olması vacibdir. Ona görə bu qrup əhalinin kənd turizminin əhatə dairəsi, turizm təsərrüfatı və onunla bağlı fəaliyyət sahələri ilə tanış olmaları zəruri olan bir məsələdir. Bu ona görə lazımdır ki, yerli əhali aparılan təbliğat və verilən məlumatlardan istifadə edərək turizm fəaliyyətinə qoşulsunlar, yerlərdə formalaşan təbii-coğrafi, iqtisadi-sosial, tarixi-mədəni imkanlardan istifadə edilməsi istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirak etsinlər.

       6.Xalqların yaşayış tərzinin, həyat şəraitinin, məişətinin, adət-ənənələrinin, mərasimlərinin öyrənilməsi və təbliği istiqamətində işlərin aparılması və bu prosesə turistlərin cəlb edilməsi mühüm vəzifələrdən biridir. Kənd məntəqələrinə səfərlərin təşkil edilməsi ilə şəhər əhalisinin kəndlərlə yaxından tanışlığı mümkün olur. Onlar kənd mühitinin təbliğ edilməsində xüsusi əhəmiyyətə malikdir. Kəndlərdə uzun illər ərzində qorunub saxlanılan adətlərlə tanışlıq bu sahənin üstünlüklərindən biridir. Şəbüstər şəhərinin 14 kilometrliyində yerləşən tarixi Sis kəndi regionun ən qədim yaşayış məskənlərindən biridir. Bu tipli məntəqələrin tarixinin öyrənilməsi lazımdır. Təbriz nahiyəsində  Kəndovan kəndindəki qayalarda yaşayış evləri xüsusi maraq doğurur.

     7.Xüsusi formada turizm fəaliyyəti kimi köçəri xalqların yaşayış yerlərinə səfərlərinin təşkil edilməsi mümkündür (Şəkil 1). Kənd turizminin xüsusi forması kimi ölkənin mərkəzi rayonlarında indiyə qədər qalan köçərilərin həyat və məişət şəraiti ilə tanışlıq səfərlərini göstərmək olar. Bu səfərlər təbiətin özünəməxsus yerləri, xalqların əsrlərdən bəri qorunub saxlanılan yaşayış tərzi ilə tanışlıq, təsərrüfat sahələrində yaşamaq və iştirak etmək məqsədi daşıyır. Köçəri tayfaların yaşadığı yerlərə turist səfərləri onların köçlərində iştirak etməyi, bu marşrutla getməyi, onların adətləri və mədəni əlaqələri ilə tanış olmağı, əhalinin məişətinin xüsusiyyətlərini, ənənəvi iqtisadi fəaliyyətlərini, incəsənətini və əl işlərini öyrənməyi, köçəri yurdlarını qurub orada yaşamağı əhatə edir. Belə imkanlar və səfər proqramları ekzotik turizm həvəskarları üçün xüsusi olaraq maraq doğurur. Getdikcə turizmin bu formasında iştirak edənlərin sayı artır. Ona görə ki, əhalinin həyat səviyyəsinin artması, nəqliyyat vasitələrinin texniki imkanlarının genişlənməsi turistlərin miqrasiya mütəhərrikliyinin artmasına, turizm təsərrüfatının xidmətlərindən istifadə edənlərin sayının artmasına, o cümlədən kənd turizminin inkişafına şərait yaradır.

       8.Kənd turizminin formalarından biri turistlərin kənd təsərrüfatı məhsullarının becərilməsi ilə tanış olması və bu prosesdə iştirakıdır. Hazırda Asiya və Okeaniyanın bəzi ölkələrində geniş yayılmış kənd turizmi sahələrindən biri də turistlərin kənd təsərrüfatı məhsullarının becərilməsində iştirak etməsidir. Turizmin belə forması kənd turizminin bir növü olan aqroturizm də adlanır. Turistlər səfər dövründə kənd yerlərində tarlalara, əkin sahələrinə və digər kənd təsərrüfatı obyektlərinə gedərək kənd təsərrüfatı məhsullarının əkilməsi, becərilməsi və məhsulların yığılması proseslərində birbaşa iştirak edirlər. Bu işlər təcrübə qazanmaq, kənd təsərrüfatı məhsulları istehsalının sirlərini öyrənmək və ya asudə vaxt keçirmək məqsədi ilə icra edilir. Turistlər kənd əhalisinin ənənəvi olaraq məskunlaşdığı yerlərdə, əkin sahələrində, yaxud kənd evlərində yerli və ənənəvi məhsullardan hazırlanan yeməklərlə qidalanır. Eyni zamanda səfər ərəfəsində turistlər festivallarda və başqa mədəni tədbirlərdə iştirak edə bilərlər. Turistlər balıq ovunda iştirak edib, təbiətin qoynunda gəzə bilər, təbiətin mənzərəli və görməli yerləri ilə tanış ola bilərlər.

Çində və Yaponiyada “Bir kənd, bir məhsul” siyasətinə uyğun olaraq, kənd turizmi və kənd təsərrüfatının inkişafı sahəsində mühüm nəticələr əldə edilmişdir. Bu ölkələrdə “bir məqsədli” yaxud “bir istiqamətli” kəndlər şəbəkəsi yaradılmışdır. Turistlərin cəlb edilməsi üçün hər bir kəndin əhalisi yalnız bir növ məhsulun istehsalı ilə məşğul olur və onun məhsullarını təklif edir. Hər bir kəndin bazarı bir kənd təsərrüfatı məhsulunun satışına xidmət edir. Turistlər səfər etməzdən əvvəl öz maraqlarını, səfər proqramlarını müəyyənləşdirir, çay, bambuk və ya başqa məhsullar yetişdirən kəndlərdən birinə səfər edirlər. Bu tipli səfərlərin məqsədi bir məhsulun becərilməsi, yığılması və satışı ilə tanış olmaq, bir kənddə qalmaq və istirahət etməkdən ibarətdir. Kəndlərdən bəzilərində əhali yalnız çay istehsalı ilə məşğul olur, əkin sahələrində müasir çay muzeyləri təşkil edir, çay məhsullarının satışı üçün xüsusi mağazalar açırlar. Bir çox kəndlərdə hətta turistlər üçün çay festivalları təşkil edilir və xeyli gəlir əldə edirlər. Bu təcrübədən İran İR-də də istifadə etmək olar.

Beləliklə, turizm təsərrüfatının inkişafı üçün kənd turizminin imkanlarından da istifadə edilməsi zəruridir. Bu sahənin inkişafı turistlərə göstərilən xidmətlərin, bu sahədə istifadə edilən potensialın genişləndirilməsi ilə yanaşı, kəndlərin inkişafına da müsbət təsir göstərir.

                                                                                                   Z.N.Eminov, H.M.Zehdehdel

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .