Coğrafiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyanın   avtoreferatı 

(Cəlalian Ishaq Əlikazim Oğlu) 

 

Mövzunun aktuallığı.  Ölkənin və onun ayrı-ayrı regionlarının sosial-iqtisadi cəhətdən öyrənilməsi, əhalinin həyat şəraitinin qeyri-bərabərliyinə səbəb olan amillərin araşdırılıb müəyyənləşdirilməsi perspektivi inkişaf üçün çox vacibdir. Belə ki, bütün dünyada ictimai və iqtisadi dəyişikliklər əhalinin sosial-iqtisadi həyat şəraitindəki qeyri-bərabərliklərlə müşayət olunmuşdur.

Regionların sosial-iqtisadi səviyyəsini müəyyənləşdirmək üçün üç əsas amilin araşdırılması tələb olunur. Onlara regional qeyri-bərabərliklərin müəyyənləşdirilməsi, böyük və kiçik məntəqələr arasında olan sosial-iqtisadi inkişaf səviyyəsindəki fərqlərin tədqiqi, regional təsir dairəsinə malik olan böyük şəhərin sosial-iqtisadi  inkişaf səviyyəsinin və onun təsir dairəsinin tədqiqi və müəyyənləşdirilməsi aiddir.

XX əsrin ikinci yarısından sonra bir sıra məhdudiyyətlərə baxmayaraq  sosial-iqtisadi inkişaf zərurəti bu istiqamətli elmi-tədqiqat və araşdırmaların aparılmasına səbəb oldu. Xüsusilə də üçüncü dünya ölkələrində regional qeyri-bərabərliklər gəlirin səviyyəsi, şəhər və kənd məntəqələrindəki kəskin fərqlər, böyük və kiçik şəhərlər, mərkəzi və kənar məntəqələr arasındakı sosial-iqtisadi həyat səviyyəsində  böyük fərqlərin yaranması ilə nəticələnmişdir. Belə ki, iqtisadi inkişaf dövrü yaşayan ölkələr arasındakı mövcud sosial-iqtisadi qeyri-bərabərliklər daha da böyüyür. Üçüncü dünya ölkələri kimi İranda da elə böyük şəhərlər vardır ki, onlarda ölkənin əsas iqtisadi və demoqrafik potensialı, idarəetmə funksiyaları cəmlənmişdir. Bu da ümumi ölkənin sosial-iqtisadi inkişafında regionalqeyri-bərabərliyə səbəb olmuşdur. Bu prinsip şəhərlərdə sənaye və xidmət sahələrinin müəyyən nahiyələrdə yerləşməsində özünü göstərir və mərkəzçiliyə meylliyə səbəb olur. Bunun özü də məhəlli, məntəqə, regional və milli səviyyələrdə qarşılıqlı əlaqənin kifayət dərəcədə səmərəli olmaması ilə nəticələnir.

Fars ostanı da bu baxımdan istisna təşkil etmir.Bu ostanın ərazisi bir sıra təbii üstünlüklərə, əhalisinin isə demoqrafik inkişafına baxmayaraq, onun da ümumi inkişafında xidmət sahələrinin və sənayenin yerləşdirilməsində mərkəzləşməyə meyllik mənfi rol oynayır.Araşdırmalar göstərir ki, ostanın inzibati mərkəzi olan Şiraz şəhəriMərvdəşt, Neyriz, Abade, Fəsa, Xorrəmbid şəhərləri ilə birlikdə bütün iqtisadi və ictimai imkanları özündə birləşdirmişdir.Bunlar ostanın əsas aparıcı şəhərləri rolunu oynayır. Ostanın digər məntəqələri isə sosial-iqtisadi, demoqrafik inkişaf səviyyəsinə görə bu şəhərlərdən fərqlənirlər. Şəhər yaşayış məskənləri arasında müşahidə olunan dərin uyğunsuzluğun özü bu ostandakı inkişafın qeyri-bərabərliyinin nəticəsidir. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə məntəqələr arasındakı qeyri-bərabərlik ən çox Şiraz şəhəri və digər məntəqələr arasında müşahidə olunur. Belə ki, digər yaşayış məntəqələrinə nisbətən əhalinin, xidmət sahələrinin və  investisiyaların mərkəzləşməsi Şirazda daha çoxdur. Sosial-iqtisadi  inkişafdakı digər uyğunsuzluq və qeyri-bərabərlik şəhərin müxtəlif  sahələri və ostanın müxtəlif  kəndləri arasında özünü büruzə verir. Buna görə də əhalinin, xidmət sahələrinin, iqtisadi potensialın və sərmayələrin Şirazda mərkəzləşməsi, ostanın digər məntəqələrinin, xüsusilə də kəndlərin sosial-iqtisadi cəhətdən zəif inkişafına səbəb olmuşdur. Kəndlərin iqtisadi cəhətdən geri qalması, ətraf şəhərlər ilə qarşılıqlı əlaqənin zəif olması, aşağı səviyyəli inkişafın nəticəsidir.Digər tərəfdən mərkəzləşmə mərkəzi şəhərləri sosial-iqtisadi, demoqrafik, ərazicə ifrat dərəcədə böyütmüş və bəzi sahələrdə əsas xidmət növlərini qeyri-mümkün etmişdir.

Bu prosesi ümumi ölkə və ostan səviyyəsində nizamlamaq üçün orta şəhərlər ostanın demoqrafik potensialının müəyyən hissəsini özünə cəmləməli, Şiraz şəhərinin əhali yükünü azaldaraq kənd əhalisini özünə cəlb etməlidir. Kəndlərdə sosial infrastrukturun zəif və ya yarıtmaz inkişafı, artan demoqrafik potensialın iş yerləri ilə təmin olunmaması, əhalinin, xüsusən də əmək yaşlı cavanların Şiraza miqrasiya etməsinə səbəb olmuşdur. Bütün bunlar yaşayış  məntəqələri  arasında həyat şəraitində dərin uyğunsuzluq yaratmışdır.

Buna görə də hazırkı tədqiqat işi Fars ostanı  məntəqələrinin  nisbətən bərabər inkişafına nail olmaq istiqamətində 1976-2006-cı illəri (1355-1385) əhatə edən dövrlərdə Fars ostanı məntəqələrinin sosial-iqtisadi şəraitində olan fərqlərin araşdırılmasına, onların səbəblərinin və qeyri-bərabərliyinin tənzimlənməsi yollarının tədqiq edilməsinə həsr olunmuşdur.

Dissertasiyanın tədqiqat obyekti İran İR-in cənub-qərbində yerləşən Fars ostanında olan şəhərlərin müasir sosial-iqtisadi və demoqrafik inkişaf istiqamətlərinin müəyyən edilməsidir. 

Tədqiqat işinin predmeti. Tədqiqatın predmeti Fars ostanında şəhər məskunlaşmasına təsir göstərən təbii-coğrafi və sosial-iqtisadi amillərin öyrənilməsi, şəhərlərin müasir sosial-iqtisadi və demoqrafik vəziyyətinin tədqiqi, onların davamlı inkişaf yollarının müəyyən edilməsi, şəhərlərin regional ərazi təşkilində olan problemlərin aradan qaldırılması istiqamətində təkliflər işləyib hazırlamaqdır.

Problemin öyrənilməsi səviyyəsi. Şəhərlərin öyrənilməsi daim iqtisadi-coğrafi tədqiqatlarda mühüm yer tutmuşdur. Şəhərlər iqtisadi, sosial-mədəni, demoqrafik, ekoloji, regional inkişaf istiqamətlərində öyrənilir. Dünyada XX əsrin ikinci yarısından sonra şəhərlərin sürətli inkişafı, miqrasiyanın səviyyəsinin yüksəlməsi şəhərlərin öyrənilməsinə həsr edilən elmi işlərin də çoxalmasına səbəb olmuşdur. Bu istiqamətdə ABŞ-da, Qərbi Avropada, Rusiyada çoxsaylı alimlər tədqiqat aparmışlar.

Azərbaycanda da şəhərlərin öyrənilməsinə aid Nadirov A.A., Hacızadə Ə.M., Göyçaylı S.Y., Əfəndiyev V.Ə., Əyyubov N.H., Eminov Z.N. kimi alimlərin elmi işləri vardır. İran İR-də Seytullah İslamı, Hüseyn Şəkuhi, Yədulla Fərid, Nəzər Dehmorde, Qəleno Məhəmməd Rzazadə və başqa alimlər ölkədə şəhərlərin sosial-iqtisadi və demoqrafik problemlərinin tədqiqinə çoxlu sayda əsərlər həsr etmişlər.

Lakin ayrılıqda Fars ostanında şəhərlərin inkişafı, onların ölkənin şəhər məskunlaşması sistemində yeri və inkişaf istiqamətlərinin tədqiqinə az sayda elmi işlər həsr edilmişdir.

Dissertasiyanınməqsəd və vəzifələri. Dissertasiyanın yazılmasında məqsəd Fars ostanında şəhərlərin müasir sosial, iqtisadi və demoqrafik inkişaf səviyyəsini, onlara təsir göstərən amillərin rolunu öyrənmək, şəhərlərin təsərrüfat strukturunu təkmilləşdirmək,davamlı demoqrafik inkişaf istiqamətlərini, şəhər məskunlaşmasının nizamlanması yollarını müəyyənləşdirmək, şəhərlərin inkişaf səviyyəsində olan kəskin fərqlərin azaldılması yollarını tədqiq etməkdir. Bunun üçün aşağıdakı vəzifələr müəyyən edilmişdir:

► Ərazinin təbii-coğrafi şəraiti və ehtiyatlarının qiymətləndirilməsi, onların ərazinin mənimsənilməsi və məskunlaşmasında rolununmüəyyən edilməsi;

► Ostanda olan şəhərlərin İran İR-in sosial-iqtisadi inkişafında yerinin müəyyənləşdirilməsi və rolunun artırılması istiqamətində təkliflərin verilməsi;

► Şəhərlərin demoqrafik potensialının formalaşması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

► Fars ostanı şəhərlərinin perspektiv iqtisadi-coğrafi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, bu istiqamətdə təkliflər və tövsiyyələrin verilməsi;

► Şəhərlərin inkişaf səviyyəsi və regionlar üzrə yerləşməsində olan fərqlərin müəyyən edilməsi üçün onların təsnifatının aparılması, bu sahədə olan uyğunsuzluqların azaldılması yollarının müəyyənləşdirilməsi;

► Şəhərlərin ətraf ərazilərdə olan məntəqələrin inkişafında əhəmiyyətinin yüksəldilməsi yollarının müəyyən edilməsi;

► Şəhərlərin inkişafının nizamlanması, əhalinin məşğulluq problemlərinin həll edilməsi, əhalinin ərazi üzrə bərabər yerləşməsi istiqamətində təkliflərin işlənib hazırlanması.

Tədqiqatın nəzəri və metodoloji əsaslarını şəhərlərin sosial-iqtisadi və demoqrafik inkişafı, urbanizasiya prosesləri, təsərrüfatın ərazi təşkili sahəsində Avropa və İran alimləri tərəfindən işlənmiş elmi-nəzəri müddəalar təşkil edir. Dissertasiyanın işlənməsi zamanı Azərbaycan və digər yaxın ölkələrin alimlərinin bu sahədə elmi işlərindən də istifadə edilmişdir.

Tədqiqatın yerinə yetirilməsi prosesində statistika, tarixilik, ümumiləşdirmə, müqayisəli təhlil, modelləşdirmə, kartoqrafik, çöl-tədqiqat, qruplaşdırma üsullarından istifadə olunmuşdur.

Tədqiqatın informasiya bazası. Tədqiqat işində İran İslam Respublikası və Fars ostanı Mərkəzi Statistika İdarələrinin məlumatları, ölkənin və ostanın qanunvericilik və normativ aktları istifadə edilmişdir. Dissertasiyanın hazırlanması prosesində şəhərlərin öyrənilməsi sahəsində çalışan alimlərin əsərləri, hər 10 ildən bir aparılan siyahıyaalma materialları informasiya bazası rolu oynamışdır.

Şəhərlərdə aparılan hesabatlar, nazirliklər və müxtəlif dövlət proqramlarında olan məlumatlardan informasiya və tədqiqat bazası kimi istifadə olunmuşdur.

Dissertasiya işinin elmi yeniliklərinə aşağıdakılar aiddir:

► İlk dəfə olaraq Fars ostanında olan şəhərlər kompleks şəkildə iqtisadi-coğrafi cəhətdən tədqiq edilmiş, onların inkişafına təsir göstərən təbii-coğrafi və sosial-iqtisadi amillər öyrənilmişdir;

►Şəhərlərin ərazi üzrə yerləşməsində olan fərqlər müəyyən edilmiş, onların təsnifatı aparılmış, şəhərlərin sosial-iqtisadi və demoqrafik inkişafında olan fərqlərin səbəbləri, onların yaratdığı problemlər müəyyən edilmişdir;

► Ostanda olan şəhərlərin təsərrüfat strukturunun təkmilləşməsi, əhalinin məşğulluq probleminin həll edilməsi, miqrasiya və məskunlaşmanın nizamlanması istiqamətində elmi cəhətdən əsaslandırılmış təkliflər işlənib hazırlanmışdır;

► Şiraz şəhərinin regionun inkişafında, ətraf ərazilərdə məskunlaşan əhalinin sosial-mədəni ehtiyatlarının ödənilməsində rolu, Şiraz şəhəri ilə digər şəhərlər  arasında tarazlı inkişaf yolları müəyyən edilmişdir.

Müdafiə olunan müddəalara aiddir:

► Fars ostanında şəhərlərin inkişafında təbii-coğrafi və sosial-iqtissadi amillərin rolunun qiymətləndirilməsi;

► Ostanın sosial-iqtisadi və demoqrafik inkişafında şəhərlərin əhəmiyyəti, onların ətraf ərazilərdə təsərrüfatın və əhalinin ərazi təşkilinə təsiri;

► Şəhərlərin davamlı sosial-iqtisadi və demoqrafik inkişaf istiqamətlərinin işlənib hazırlanması, əhalinin məşğulluğu və həyat səviyyəsinin yüksəldilməsi sahəsində proqnozlar verilməsi.

Dissertasiyanın praktiki əhəmiyyəti. Dissertasiya işində müəllif tərəfindən irəli sürülən təkliflər, əldə edilmiş nəticələr ostanın gələcək sosial-iqtisadi və demoqrafik inkişaf istiqamətlərinin müəyyən edilməsində,  sosial-iqtisadi inkişaf layihələrinin hazırlanmasında böyük əhəmiyyət kəsb edə bilər.

Əhalinin demoqrafik göstəricilərinin öyrənilməsi daimi olaraq aparılır. Bu zaman dissertasiyada aparılan təhlillərdən və toplanmış statistika materiallarından istifadə edilə bilər.Eyni zamanda dissertasiyada verilən təhlillər müvafiq sahələrdə kadrlar hazırlanmasında və təhsil müəssisələrində mənbə rolunu oynaya bilər.

Tədqiqatın nəticələrinin aprobasiyası. Aparılmış tədqiqat prosesində əldə edilmiş nəticələr, verilən təkliflər, ostanda olan şəhərlərin sosial-iqtisadi inkişafında olan problemlərin aradan qaldırılması haqqında müddəalar İran İR, Azərbaycan Respublikası və digər ölkələrdə keçirilən konfrans və qurultaylarda dinlənilmişdir:

  • “Quraqlıq və kənd təsərrüfatında müvəqqəti sulardan istifadə olunması”, Buşəhr, İran İR, 2009.
  • “XXI əsrin ekocoğrafi çağırışları və Azərbaycan”, Bakı, 2011.
  • “Azərbaycan landşaftlarının optimallaşdırılması, səmərəli təşkili və davamlı inkişafının müasir problemləri”, Bakı, 2011. 
  • “Qloballaşma və coğrafiya”. Bakı, 2012.

Dissertasiyada aparılmış tədqiqatın nəticələrinə dair 9 elmi məqalə və tezis nəşr edilmişdir.

Dissertasiya işinin quruluşu. Dissertasiya işinin həcmi  140 səhifə olmaqla Giriş, 4 fəsil, əldə edilmiş nəticələr və təkliflərdən, istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Dissertasiyada əyaniliyi artırmaq üçün 53 cədvəl, 5 xəritə-sxem, 3 şəkil verilmişdir. Ədəbiyyat siyahısında 116 mənbə vardır.

DİSSERTASİYA İŞİNİN ƏSAS MƏZMUNU

Dissertasiyanən birinci fəsli “Ərazinin təbii-coğrafi şəraiti və ehtiyatları, tarixi, sosial-iqtisadi inkişaf xüsusiyyətləri” adlanır. Burada tədqiqat obyektinin təbii-coğrafi şəraiti və ehtiyatları tədqiq edilir, ərazinin mənimsənilməsi və əhalinin məskunlaşması baxımından qiymətləndirilir. Ərazinin tarixi və sosial-iqtisadi inkişaf xüsusiyyətləri iqtisadi-coğrafi baxımdan təhlil edilir, araşdırılır.

Bu fəsildə şəhərlərin öyrənilməsinin, onların məqsədəuyğun istiqamətdə idarə olunması baxımından zəruriliyi və nəzəri-metodoloji əsasları tədqiq edilir.Bütün ölkələrdə yaşayış məntəqələrinin sosial-iqtisadi, demoqrafik  və ekoloji baxımdan layihələndirilməsində mövcud potensialın, eləcə də inkişafa mane olan çətinliklərin araşdırılması və öyrənilməsinə böyük əhəmiyyət verilir. Cəmiyyətin səmərəli, uzunmüddətli, dayanıqlı ərazi təşkili bir çox məsələlərdən - əməyin ərazi bölgüsündən, məhsuldar qüvvələrin yerləşməsindən, əhalinin məskunlaşmasından, sadalanan parametrlərin regional inkişaf səviyyələri arasındakı fərqdən və geniş mənada cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsindən asılıdır. Daha kiçik miqyasda cəmiyyət və təbiətin dayanıqlı ərazi təşkili, bu prosesin regional səviyyədə mövcud inkişaf  xüsusiyyələrini tədqiq etməklə yanaşı, onun məqsədəuyğun istiqamətdə idarə olunmasını tələb edir.

Məhsuldar qüvvələrin inkişaf səviyyəsinin mütəmadi olaraq yüksəlməsi və əməyin ərazi bölgüsünün dərinləşməsi cəmiyyətin daha da ali ərazi təşkili forması olan müxtəlif funksional təyinatlı şəhərlərin yaranmasına gətirib çıxardı. Şəhərlər, xüsusən də böyük şəhərlər cəmiyyətin sosial-iqtisadi və siyasi-mənəvi həyatının əsas istinad-dayaq karkaslarına çevrildilər. Ona görə də iqtisadi-coğrafi ədəbiyyatda  görkəmli alimlər hər hansı bir ölkənin, regionun inkişafında şəhərlərin rolunu yüksək qiymətləndirmiş, onların tədqiqinə böyük diqqət yetirmişlər. Məşhur iqtisadi coğrafiyaçılar N.K.Baranski, Y.Q.Sauşkin, V.V.Pokşişevski, G.M.Lappo, B.S.Xorev, V.Ş.Coaşvili, A.A.Nadirov, V.Ə.Əfəndiyev, İran İslam Respublikası alimlərindən Kərim Hüseynzadə Dəlir, Hüseyn Şəkuri, Yədulla Fərid və başqaları şəhərlərin tədqiqinə öz elmi-tədqiqat işlərində geniş yer vermişlər.

İran İslam Respublikasında şəhərlərin, regionların sosial-iqtisadi inkişafı məsələləri şəhərlərin fiziki inkişafı və onun ərazicə böyüməsinin tənzimlənməsi və s. məsələlər Zista və Ərsə müşavir və mühəndislər cəmiyyətinin (Əli Hatəmi və Xodkar) tədqiqat əsərlərində öz əksini tapmışdır.

Ehtişam Hacıpurun “Təbriz aqlomerasiyasının inkişafının iqtisadi-coğrafi problemləri” mövzusunda yazdığı dissertasiya işində də Təbriz aqlomerasiyasının inkişaf mərhələləri, formalaşması və perspektiv inkişafının tənzimlənməsi məsələləri tədqiq edilmişdir.

Fars ostanı 27002/ ilə 31042/ şimal enlikləri və 50042/ ilə 55036/ şərq uzunluqları arasında yerləşir. Ostan şimalda İsfahan və Yəzd ostanları ilə, qərbdə Buşəhr, Koxgiluye və Buyerəhməd ostanları ilə, cənubda Hörmözqan, şərqdə isə Kerman ostanı ilə həmsərhəddir. Fars ostanının sahəsi 122,7 min km2, əhalisinin sayı 4332,9 min nəfərdir. Ölkənin ərazisinin 7,4%-i, əhalisinin 6,19%-i ostanın payına düşür. O, ÜDM-in 6,32%-ni, kənd təsərrüfatı məhsullarının 8,63%-ni verir.

Fars ostanının təbii-coğrafi şəraiti və relyef xüsusiyyətləri yerləşdiyi enliklərlə bərabər ərazinin Alp-Himalay geosinklinal qurşağına düşməsi ilə müəyyənləşdirilir. Fəal seysmikliyi ilə fərqlənən dağlıq relyefin üstünlüyü təsərrüfat sahələrinin də ərazi və sahə quruluşunun müxtəlifliyinə, əhalinin məskunlaşmasına, yaşayış məntəqələrinin quruluşuna, onların müxtəlif morfoloji və funksional tiplərinin yaranmasına da əhəmiyyətli təsir göstərmişdir.Bu özünü daha çox şəhərlərin ərazicə inkişafında, onların fiziki quruluşunun-konfiqurasiyasının formalaşmasında biruzə vermişdir.

Tədqiqat obyektinin ən böyük oroqrafik vahidləri Zaqros və Cənubi İran dağlarıdır. Çay dərələri ilə parçalanmış, müxtəlif meylliklərə malik dağ yamaclarıərazinin mənimsənilməsi və məskunlaşması üçün müxtəlif təbii zəmin yaradır.

Mesopotamiyanın bir hissəsini tutan Xuzistan düzənliyi tədqiqat obyektinin əsas düzənliyidir. Yastı, hamar relyefə malik olan bu düzənliyin bəzi yerləri dəniz səviyyəsindən 100 metr aşağıda yerləşir. Zaqros dağlarının ətəklərinə doğru yastı hamar düzənlik təpəli düzənliklərlə əvəz olunur.Bu düzənliklərin quru iqlimi, torpaq örtüyü qədər məhsuldar olmasa da, suvarma şəraitində müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsinə, otlaq heyvandarlığın inkişafına imkan vermişdir.

İran ölkəsinin ən mühüm neft-qaz yataqlarının cəmləndiyi Cənub-Qərb neft-qaz qurşağı Fars ostanı ərazisinə düşür. Burada Məsçide Coleyşan, Həftgəl, Vilay, Ağacarı, Neftesegiya, Qoçsaran, Bibi-Hakimə, Əhvav, Marun və s. kimi əsas neft-qaz yataqları vardır. Ən mühüm sənaye əhəmiyyətli qaz yatağı Pzanandır. Sənaye əhəmiyyətli o qədər də olmayan Qum-Kaşan-İsfahan-Fars istiqamətində yayılan daş kömür yataqlarının müəyyən hissəsi bu regionun payına düşür. Ostanda müxtəlif tikinti materialları yayılmışdır.

Tədqiqat obyektinin iqlim şəraitini ərazinin yerləşdiyi iqlim qurşaqları müəyyənləşdirir. Ərazi əsasən tropik, qismən subtropik iqlim qurşağının kontinental hissəsində yerləşir. Ərazinin İran körfəzinin şimal-şərqi ilə Zaqros silsiləsi arasında yerləşməsi və atmosfer sirkulyasiyası ilə əlaqədar İran İslam Respublikasının daxili əraziləri ilə müqayisədə buranın qışının o qədər də sərt, yayının isə çox isti olmaması ilə fərqlənir.

Dissertasiya işində iqlim elementlərinin, şirin su ehtiyatlarının ərazidə yayılma xüsusiyyətləri ayrı-ayrı məntəqələr üzrə verilir və onların ərazinin mənimsənilməsi və məskunlaşmasına təsiri məsələləri şərh edilir.

Ümumiyyətlə, Fars ostanının təbii-resurs potensialının tədqiqi göstərir ki, ölkənin digər hissələri ilə müqayisədə bu ərazinin potensialı daha çoxdur. Böyük sənaye əhəmiyyətli neft-qaz ehtiyatlarının olması nisbətən əlverişli təbii-coğrafi şərait, iqtisadi-coğrafi mövqe bu ərazinin mənimsənilməsinə, müxtəlif  məskunlaşma areallarının yaranmasına səbəb olmuşdur. Ölkənin neft-qaz hasilıatı və emalının inkişafı, onunla bağlı infrastrukturun yaradılması şəhər məskunlaşmasında, xüsusən də oxşar funksiyalı böyük və orta şəhərlərin iqtisadi bazalarının formalaşmasında həlledici rol oynamışdır.

Dissertasiya işinin bu fəslində olan “Şəhərlərin tarixi-coğrafi inkişaf xüsusiyyətləri” bölməsində tədqiqat obyekti şəhərlərinin tarixi-coğrafi inkişaf xüsusiyyəti ardıcıllıqla tədqiq olunur. Belə ki, hər hansı bir regionun tarixi və sosial-iqtisadi inkişaf xüsusiyyəti, hərbi-siyasi durumu həmin ərazilərin mənimsənilməsində, əhalinin yerləşməsində, müxtəlif təyinatlı məskunlaşma areallarının əmələ gəlməsində təbii-coğrafi şərait və təbii-resurs potensialı ilə yanaşı həlledici rol oynayır. Fars ostanında bu amillərin qarşılıqlı əlaqəsi və təsiri əhalinin müxtəlif məskunlaşma sistemlərinin yaranması ilə müşayət olunmuş, müxtəlif funksional təyinatlı, demoqrafik potensiala malik olan şəhərlərin yaranmasına səbəb olmuş, onların inkişafını stimullaşdırmışdır.

Tədqiqat obyektinin digər amillərlə yanaşı, müxtəlif tarixi dövrlərdə ölkənin paytaxt regionu statusuna malik olması, həmin dövrlərdə demoqrafik inkişafda, məskunlaşma sisteminin formalaşmasında ümumi ölkə ilə müqayisədə daha müsbət rol oynamasına, yeni məskunlaşma areallarının yaranmasına səbəb olmuşdur.

Dissertasiya işinin “Təsərrüfatın müasir vəziyyəti və davamlı inkişaf problemləri” adlanan ikinci fəsli Fars ostanında təsərrüfatın müasir inkişaf xüsusiyyəti və davamlı inkişaf problemlərinə həsr olunmuşdur. Bu fəsildə İran İR-in iqtisadi və sosial həyatında Fars ostanının yeri və mövqeyi, ostan təsərrüfatının müasir vəziyyəti və inkişaf problemləri, o cümlədən sənaye və kənd təsərrüfatı sahələrinin ərazi təşkili, digər maddi və sosial infrastruktur sahələrinin təhlilitədqiq edilib araşdırılmışdır.

Statistik rəqəmlərin təhlili göstərir ki, əvvəlki illərlə müqayisədə Fars ostanın da davamlı sosial-iqtisadi inkişaf getməkdədir. Ayrı-ayrı illər üzrə bu inkişaf tempi 11,3%-dən 32,3%-ə qədər təşkil etmişdir ki, bu da bəzi dövlətlərdə orta ölkə səviyyəsindən hətta yüksək olmuşdur. Lakin son statistik məlumatların təhlili göstərir ki, Ümumi Daxili Məhsul (ÜDM) istehsalında ostanın payı mütəmadi olaraq azalmışdır. Bu digər ostanların, ilk növbədə Tehran paytaxt regionunun daha sürətli inkişafı və onun ÜDM istehsalında payının sürətlə artması ilə əlaqədar olmuşdur.

Kənd təsərrüfatı məhsulları istehsalında ayrı-ayrı növlər üzrə ostanın payı müəyyən dövrlərdə azalmış və ya artmışdır. Tədqiqat işində bu sahədə baş verən dəyişikliklər müəyyən konkret illər üzrə dəqiq təhlil edilmişdir.

Fars ostanında sosial-iqtisadi inkişafa uyğun olaraq əhalinin həyat şəraitində, sosial xidmət növləri üzrə təminatında baş verən meyllər araşdırılıb müəyyənləşdirilmişdir. Əhalinin sosial, iqtisadi həyatında baş verən dəyişikliklər həm də şəhər və kənd yerləri üzrə müqayisəli təhlil edilmişdir.

Sənaye sahələrinin tədqiqi göstərir ki, burada bu sahənin inkişafı üçün kifayət qədər təbii-coğrafi və sosial-iqtisadi şərait vardır. Bu imkanlardan səmərəli istifadə etmək üçün son dövrlərdə xeyli miqdarda sərmayə qoyulmuşdur.Ölkədə fəaliyyət göstərən iri həcmli sənaye müəssisələrinin 4,6%-i Fars ostanında yerləşir. Burada fəaliyyət göstərən sənaye müəssisələrinin əsas istehsal fondlarının ümumi dəyəri 3997milyon rial təşkil edir. İran İR-də fəaliyyət göstərən sənaye müəssisələrinin əsas istehsal fondlarının dəyərinin 2,8%-i bu ostanda yerləşir. Bu göstəriciyə görə ostan ölkənin digər ostanları arasında doqquzuncu yeri tutur.

Araşdırmalar göstərir ki, ostanın potensial imkanlarından daha səmərəli istifadə edilərsə, sənayenin inkişafına görə o, ilk beş ostandan birinə çevrilər, əsas istehsal fondlarında Fars ostanının payı 6%-ə qalxar.

Fars ostanı ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyərinin 8,63%-ni verir. Ölkədə yığılan buğdanın 14,5%-i, arpanın 7,9%-i Fars ostanının payına düşür. Fars ostanı İran İR-də buğda istehsalında birinci, arpa istehsalında ikinci yeri tutur. Ostan çəltik istehsalına görə də fərqlənir. Çəltik istehsalına görə bu bölgə ostanlar arasında üçüncü yeri tutur.

Tədqiqat obyekti həm də ölkənin mühüm heyvandarlıq rayonlarından biridir. Mal və qoyun əti istehsalına görə ostan ölkədə ikinci yeri tutur və İran İR-də istehsal olunan bu növ məhsulların 6,9%-ni verir. Quş əti istehsalında isə ostan ölkədə beşinci yeri tutaraq istehsal olunan məhsulun 6,4%-ni verir. Fars ostanının payına ölkədə istehsal olunan südün 4,8%-i, yumurtanın isə 3,0%-i düşür. Bu ostanda heyvandarlığın intensiv inkişafı üçün potensial imkanlar çoxdur.

Bu fəsildə infrastruktur sahələrinin müasir vəziyyəti araşdırılır, xüsusilə enerji ilə təminat məsələlərinin tədqiqinə geniş yer verilir. Bu da şəhəryaradıcı amil kimi mühüm əhəmiyyət kəsb edir.

Fars ostanında istehsal olunan elektrik enerjisinin dövriyyəsi və istehlak edilən enerjininmüqayisəsi göstərir ki, burada tələbatdan artıq enerji istehsal edilməsi sənaye obyektlərinin yaradılması, müasir sosial infrastrukturun formalaşması üçün əlverişli zəmin yaradır.

Nəqliyyat şəbəkəsi ostanın sosial-iqtisadi inkişafında, maddi və sosialinfrastrukturların formalaşmasında, ərazinin mənimsənilməsi və məskunlaşmasında böyük rol oynayır. Ostanın nəqliyyat şəbəkəsi həm də bölgənin daxili və xarici əlaqələrində, istehsal sahələri arasında inteqrasiyada, təsərrüfatlararası istehsal proseslərinin qarşılıqlı intensivləşdirilməsində müstəsna rol oynayır.

Əsas yollar texniki göstəricilər baxımından iki yerə - geniş əsas yollara və adi əsas yollara bölünür. Son statistik məlumata görə əsas yolların uzunluğu 1832 km-dir.

Dissertasiya işinin “Şəhərlərin müasir demoqrafik vəziyyəti və inkişaf problemləri” adlanan üçüncü fəsli Fars ostanının müasir demoqrafik vəziyyətinin təhlilinə və şəhərlərin inkişaf problemlərinə həsr olunmuşdur. Şəhərlərin demoqrafik inkişaf bazasında baş verən dəyişikliklər - əhalinin sayının dinamikası, təbii hərəkəti və miqrasiyasında gedən proseslərin araşdırılmasını əhatə edir, o cümlədən əmək ehtiyatlarının formalaşması, onlardan istifadə məsələləri təhlil olunur. Ostan şəhərlərinin iqtisadi-coğrafi inkişaf xüsusiyyətləri araşdırılıb əsas inkişaf istiqamətləri müəyyənləşdirilir.

Fars ostanında təsərrüfatın inkişaf səviyyəsi sahə və ərazi strukturu, əhalinin demoqrafik inkişafına və yerləşməsinə də təsir etmişdir. Ostanın inzibati mərkəzi olan Şiraz şəhərində demoqrafik potensialın əsas hissəsi cəmlənmişdir. Son statistik məlumata görə Şiraz nahiyəsində əhalinin sayı 1711,2 min nəfər olmuşdur (1-ci Xəritə-sxem). Bu əhalinin 1324,1 min nəfəri və ya 77,4%-i şəhərlərdə, 387,1 min nəfəri kəndlərdə məskunlaşmışdır. Fars ostanının ümumi əhalisinin 39,5%-i, o cümlədən şəhər əhalisinin 49,9%-i Şiraz nahiyəsinin payına düşür. Araşdırmalar göstərir ki, son onilliklərdə şəhər əhalisinə nisbətən kənd əhalisi daha sürətlə artmışdır. Bu da kənd yerlərində yüksək təbii artım, şəhərlərdə sosial-iqtisadi inkişafın zəifləməsi ilə əlaqədar kənddən şəhərə əhali miqrasiyasının azalması ilə əlaqədar olmuşdur.

Şiraz nahiyəsində ümumi əhalinin 71,7%-i, o cümlədən şəhər əhalisinin 92,7%-i Şiraz şəhərinin payına düşür. Müqayisə olunan regionlar arasında kəskin fərqlər sosial-iqtisadi inkişafın müxtəlifliyi ilə əlaqədar olmuşdur. Ona görə də iqtisadi və demoqrafik potensialın nahiyələr üzrə paylanmsında olan uyğunsuzluğun aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsi, regionlarda təsərrüfatın inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək ehtiyatlarının işlə təminatının yaxşılaşdırılması zəruridir.

Tədqiqat obyektinin demoqrafik potensialının formalaşmasında təbii artım əsas rol oynayır. Hətta şəhər yerlərində belə əhalinin sayının formalaşmasında əsas yeri təbii artım tutur. Statistik rəqəmlərin son onilliklərdə müqayisəli təhlili göstərir ki, əhalinin təbii artımında elə ciddi dəyişiklik yoxdur. Dissertasiya işində əhalinin son onillikdə nahiyələr üzrə ümumi sayında və təbii artımında baş verən dəyişikliklər geniş müqayisəli təhlil edilmiş, müvafiq cədvəllər verilmişdir.

Əhalinin doğum, ölüm və təbii artımın hər 1000 nəfərə görə əmsallarının nahiyələr üzrə tədqiqi göstərir ki, bəzi nahiyələrdə doğumun artması, ölümün dəyişməz qalması hesabına (Məs., Şiraz, Kazerun, Niriz) təbii artım çoxalmışsa, əksər nahiyələrdə doğumun azalması nəticəsində əhalinin təbii artımı son onillikdə (1996-2006) əhəmiyyətli dərəcədə aşağı düşmüşdür.

                           

                                                                 1. Xəritə-sxem

 Əhalinin yüksək təbii artım göstəricilərinə görə Momseni, Darab və Fərəşbənd nahiyələri qabaqcıl yerləri tutur.Hər 1000 nəfərə düşən təbii artım Firuzabadda 15,3 nəfər, Darabda 14,6 nəfər təşkil edir. Ümumiyyətlə, əhalinin orta illik artımı əksər nahiyələrdə 1,2-1,6% arasında dəyişir.

Əhalinin miqrasiyasının tədqiqi göstərir ki, bu proses ostanda əhalinin sayının formalaşmasına, şəhərlərdə demoqrafik potensialın artmasına, şəhər və kənd yerləri üzrə əhalinin yenidən paylanmsına, müxtəlif səviyyəli məskunlaşma sistemi və areallarının formalaşmasına əhəmiyyətli təsir etmişdir, hazırda da etməkdədir.

Fars ostanında miqrasiya prosesləri XX əsrin 80-ci illərində olan İran-İraq müharibəsi dövründə intensiv getmişdir. Bu dövrdə ostanda 17219 ailə məcburi köçkün kimi qeydə alınmışdır. Bu ailələrdə olan insanların sayı 84,3 min nəfər təşkil etmişdir. Ostan daxilində miqrantların əsas hissəsi (71,24%) Şiraz şəhəri və ətraf rayonlarda məskunlaşmışdır. Nahiyədə yerləşdirilən məcburi miqrantların sayı 60,3 min nəfər olmuşdur. Gələn miqrantların sayına görəsonrakı yerləri Kazerun, Mərvdəşt və Fəsa nahiyələri tutur. Dissertasiya işində miqrasiya prosesinin nahiyələr üzrə təhlili verilmişdir.

Ümumiyyətlə, tədqiqat obyektində əhalinin miqrasiya intensivliyi yüksəkdir. Şəhərlərdə əhalinin sayının artımında daxili miqrasiyalar ilə yanaşı xarici miqrasiyaların da rolu böyükdür. Nahiyələrin inzibati mərkəzi olan şəhərlərdə əhalinin sayının dinamikasında ətraf şəhər və kəndlərdən gələn əhali ilə yanaşı digər nahiyələrdən gələnlər də iştirak edir. Onlar arasında ostanın mərkəzi olan Şiraz şəhəri gələn miqrantların sayına görə xüsusilə fərqlənir. 1996-2006-cı illərdə Şiraz nahiyəsində miqrasiyada iştirak edənlərin sayı 283155 nəfər təşkil etmişdir. Burada ətraf yaşayış məntəqələrindən Şiraz şəhərinə  gələnlərin sayı 157,7 min nəfər olmuşdur. Bu da bütün miqrasiyada iştirak edənlərin 55,7%-i deməkdir.

Tədqiqat obyektində əhalinin yüksək təbii artımı əhalinin tərkibində əmək qabiliyyətli yaşda olan əhalinin də sayı və payının da yüksək olması ilə müşayət olunur. Yeni iş yerlərinin məhdudluğu onların təsərrüfat dövriyyəsinə tam cəlb olunmasında problem yaradır. Əmək qabiliyyətli yaşda olan əhalinin iş yerləri ilə təminatında nisbətən əlverişli sosial-iqtisadi şərait şəhər yerlərindədir. Bu baxımdan əsasən nisbətən böyük şəhərlər, xüsusən də Şiraz şəhəri fərqlənir. Dissertasiya işində ostanın ayrı-ayrı nahiyələri üzrə əhalinin strukturunda əmək ehtiyatlarının  formalaşması və onlardan istifadə xüsusiyyətləri geniş araşdırılıb tədqiq edilmişdir.

Fars ostanının ümumi sosial-iqtisadi demoqrafik inkişafı şəhərlərin də sosial-iqtisadi, demoqrafik və məkan inkişafı ilə müşayət olunmuşdur. Məhsuldar qüvvələrin inkişaf səviyyəsi yüksəldikcə, maddi və sosial infrastrukturun texniki təchizatı davamlı, nisbətən ucuz enerji təminatı olduqca şəhərlərin inkişafı sürətlənmiş, onların sosial-iqtisadi və demoqrafik potensialı daha da yüksəlmişdir. Bu inkişaf ətraf yaşayış məntəqələrinin nüvə rolu oynayan böyük şəhərlərlə sıx istehsal iqtisadi əlaqələrin intensivləşdirilməsi fonunda həyata keçmişdir. Nəticədə müxtəlif səviyyəli məskunlaşmanın dayaq karkasları rolunu oynayan nüvə şəhərlər meydana gəlmiş, onların təsir dairəsi kifayət qədər  geniş əraziləri əhatə etmişdir. Eyni zamanda şəhərlərdə bu ətraf ərazilərin qarşılıqlı təsirinə məruz qalmış, onların təbii, bəzən sosial-iqtisadi və demoqrafik potensialından istifadə edərək  potensialını artırmışdır.Fars ostanının əsas şəhərləri ətraf ərazilərin bir sıra funksiyalarını öz üzərinə götürməklə həm də özlərinin sosial-iqtisadi inkişafında maddi və sosial infrastrukturların ərazi təşkilində və yenidən qurulmasında müəyyən çətinliklərlə qarşılaşırlar.

1-ci Cədvəl  

Fars ostanı şəhərlərinin əhalinin sayına görə qruplaşdırılması

Şəhərlərin

qrupları, nəfər

Şəhərlərin sayı

Şəhər əhalisinin sayı, nəfər

1976

1996

2006

1976

1996

2006

5 minədək

44

18

15

107367

51932

50173

5-10 min

13

23

22

88977

163673

161922

10-20 min

6

15

13

84139

210570

187545

20-50 min

6

9

10

168575

309383

272625

50-100 min

2

5

9

101973

359345

567749

100-200 min

-

1

2

-

103579

229635

200-500 min

1

-

-

425813

-

-

500-1mln.-dək

-

-

-

-

-

-

1 mln.-dan çox

-

1

1

-

1053025

1227331

Cəmi

72

72

72

976844

2251506

2696980

Fars ostanının şəhər məskunlaşma sistemi 72 şəhər yaşayış məntəqəsi ilə təmin olunur (1 cədvəl).Bu şəhərlərdə 2.696.980 nəfər əhali məskunlaşmışdır. Bu İranda yaşayan bütün şəhər əhalisinin 2,4%-nə bərabərdir. Şəhərlərin əhalisinin orta sayı (böyüklüyü) 37458 nəfər təşkil edir.   

Fars ostanını şəhərlərinin əhalisinin sayına görə qruplaşdırılması və onların son 30 ildə inkişaf meylinin tədqiqi göstərir ki, əhalisinin sayı az olan kiçik şəhərlərin sayı azalır, orta və böyük şəhərlərin sayı və məskunlaşma sistemindəki payı artır. Bunun da əsas səbəbi sosial-iqtisadi inkişaf, əhalinin artımı xüsusilə də yüksək təbii artımı amilləridir. Tədqiqat obyektinin şəhər məskunlaşma sistemində baş verən bu prosesi ayrı-ayrı şəhər qrupları üzrə 2-ci Cədvəldə izləmək olar.

2-ci Cədvəl

Fars ostanı şəhərlərinin əhalinin sayına görə qruplaşdırılması

 

Şəhərlərin

qrupları, nəfər

Şəhərlərin payı, faiz

Şəhər əhalisinin payı, faiz

1976

1996

2006

1976

1996

2006

5 minədək

61,11

25,00

20,83

10,99

2,31

1,86

5-10 min

18,06

31,95

30,56

9,11

7,27

6,00

10-20 min

8,33

20,83

18,06

8,61

9,35

6,95

20-50 min

8,33

12,50

13,88

17,26

13,74

10,11

50-100 min

2,78

6,94

12,50

10,44

15,96

21,05

100-200 min

-

1,39

2,78

-

4,60

8,52

200-500 min

1,39

-

-

43,59

-

-

500-1mln-dək

-

-

-

-

-

-

1 mln-dan çox

-

1,39

1,39

-

46,77

45,51

Cəmi

100,00

100,00

100,00

100,00

100,00

100,00

 

Dissertasiya işində ayrı-ayrı şəhər qrupları üzrə baş verən dəyişikliklər və onları yaradan iqtisadi-coğrafi, sosial səbəblər geniş təhlil və tədqiq edilir. Fars körfəzinin şimal-qərb hissəsinin siyasi, sosial-iqtisadi, mədəni mərkəzi həmişə Şiraz şəhəri olmuşdur. Müəyyən tarixi dövrlərdə Şiraz şəhəri İran dövlətinin siyasi-inzibati mərkəzi olmuş, paytaxt funksiyası yerinə yetirmiş, mühüm nəqliyyat yollarının qovşağında yerləşmiş, əlverişli iqtisadi-coğrafi mövqeyi ilə fərqlənmişdir. Həm də Şiraz şəhəri mühüm neft-qaz hasilatı və emalı regionunun mərkəzində yerləşməklə, özü və ətraf ərazilər üçün mühüm təsərrüfat-təşkilat funksiyası yerinə yetirmiş və yetirməkdədir. Şiraz şəhəri güclü sosial-iqtisadi bazası – infrastrukturu ilə yanaşı həm də demoqrafik potensialı ilə seçilir. Son məlumatlara görə Şiraz şəhərində 1227,3 min nəfər əhali qeydə alınmışdır. Son illərdə (1976-1996) Şiraz şəhərinin Fars ostanının ümumi şəhər əhalisi içərisindəki payı 45-46% həddində olub demək olar ki, dəyişməz qalmışdır.

Dissertasiya işində şəhəryaradıcı baza araşdırılmış, ayrı-ayrı maddi və sosial infrastrukturların şəhərlərin inkişafındakı rolu tədqiq edilmişdir. Şəhərlərin iqtisadi bazasını təşkil edən sənaye müəssisələri, onların sənaye-istehsal heyəti, ixtisaslaşma profili və s. kimi amillər təhlil edilmişdir. Daha böyük sənaye müəssisələri ilə Şiraz, Mərvdəşt, Neyriz, Abade, Fəsa, Xorrəmbid şəhərləri seçilir.

Tədqiqat işinin “Şəhərlərin perspektiv inkişafinin əsas istiqamətləri” adlanan dördüncü fəslində Fars ostanının və şəhərlərinin perspektiv inkişafının iqtisadi-coğrafi istiqamətləri araşdırılıb müəyyənləşdirilir. Şəhəryaradıcı faktorların inkişaf səviyyəsinin regional fərqlərini müəyyənləşdirmək üçün ostan nahiyələrinin inkişaf xüsusiyyətləri müqayisəli təhlil olunur. Ostanların şəhəryaradıcı iqtisadi və sosial bazalarındakı müxtəlifliklər iqtisadi, mədəni infrastruktur və səhiyyə göstəriciləri əmsallarına əsasən nahiyələr üzrə araşdırılır. Şəhərlərin inkişafının dəyişmə əmsalları 1976, 1986 və 1996-cı illər üzrə təhlil edilir.

İqtisadi potensialın şəhərlərdə təmərküzləşmə səviyyəsinin təhlili göstərir ki, bu sahədə də Şiraz şəhəri fərqlənir. Bu fəsildə əhalinin demoqrafik inkişafı və məskunlaşmasının əsas iqtisadi-coğrafi istiqamətləri tədqiq edilib müəyyənləşdirilir. Bütün dünya miqyasında olduğu kimi Fars ostanında da əhalinin yüksək demoqrafik inkişafı fonunda əhalinin səmərəli yerləşdirilməsi, məskunlaşmasının, xüsusən də şəhərlərin inkişafının tənzimlənməsi mühüm sosial-iqtisadi və ekoloji problemdir.

Bu bölmədə əhalinin perspektiv demoqrafik inkişaf  istiqamətləri araşdırılıb müəyyənləşdirilir. Tədqiqata cəlb edilən ərazidə əhalinin məskunlaşmasının perspektiv iqtisadi-coğrafi istiqamətləri ümumi şəkildə aşağıdakıları əhatə etməlidir:

  1. Fars ostanının urbanizasiya səviyyəsi ölkənin orta urbanizasiya səviyyəsinə yaxınlaşdırılmalıdır. Bunun üçün ostan şəhərlərinin maddi-təsərrüfat bazaları əməktutumlu müasir sənaye sahələri – maşınqayırma, dəqiqcihazqayırma, toxuculuq, tikiş, meyvə-tərəvəzkonservi və s. emaledici sənaye sahələri hesabına təkmilləşdirilməli, yenidən qurulmalıdır. Əvvəlki bölmədə şəhərlərin iqtisadi-inkişaf xüsusiyyətlərinin tədqiqi göstərir ki, bu tədqiqat regionu şəhərlərinin iqtisadi cəhətdən fəal əhalisinin müəyyən hissəsi belə bilavasitə şəhəryaradıcı funksiyaya malik olmayan kənd təsərrüfatı sahələrində - əkinçilik və heyvandarlıqda çalışır. Hətta bir sıra kiçik şəhər yaşayış məntəqələrinin istehsal-iqtisadi funksiyasında kənd təsərrüfatı aparıcı rol oynayır. Şəhəryaradıcı faktor kimi bu yaşayış məntəqələrində yalnız kiçik həcmli, çox az adam işləyən yeyinti və yüngül sənaye müəssisələri fəaliyyət göstərir.

Şəhərlərin maddi infrastrukturlarının əmək tutumlu müasir təsərrüfat sahələri hesabına yaxşılaşdırılması, mövcud və yüksək sürətlə artan demoqrafik potensialın da yeni iş yerləri ilə təmin olunmasına da şərait yaradar, onların yerlərdə saxlanmasına səbəb olar. Bu da həm də geodemoqrafik şəraitin ərazi strukturunun optimallaşdırılmasına xidmət etmiş olar.

  1. Fars ostanının urbanizasiya səviyyəsinin yüksəldilməsi, onun ölkə səviyyəsinə uyğunlaşdırılmasına paralel olaraq urbanizasiyanın ərazi strukturu təkmilləşdirilməli, bu sahədə mövcud olan ciddi disproporsiyalar yumşaldılmalıdır. Hal-hazırda tədqiqat obyektinin əsas aparıcı rol oynayan regional səviyyəli urbanizasiya strukturu əhalisinin sayı 20-50 min nəfər təşkil edən Fəsa, Kazerun, Firuzabad, Abade, İqlid, Darab şəhərləridir. Bu orta demoqrafik potensiallı şəhərlərin özlərinin belə maddi-təsərrüfat strukturu mövcud artan demoqrafik potensialı yerlərdə saxlamaq qabiliyyətinə malik deyillər. Aparılan iqtisadi-coğrafi, statistik təhlillər göstərir ki, hətta onların təbii yolla formalaşan demoqrafik potensialının müəyyən hissəsi bu şəhərlərdən kənara çıxır.

Halbuki, bu orta səviyyəli yaşayış məntəqələri Şiraz, Çöhrəm, Mərvdəşt şəhərlərindən sonra regionun məskunlaşma sisteminin ikinci dərəcəli istinad-dayaq karkaslarıdır. Ona görə də bu şəhərlər nəinki özlərinin, hətta ətraf yaşayış məntəqələrinin təbii yolla artan demoqrafik potensialının müəyyən hissəsində özlərinin maddi və sosial infrastruktur sahələrində işlə, müxtəlif xidmətlərlə təmin etməklə əhalinin burada cəmlənməsinə nail olmalıdırlar.

Əhalisinin sayı 100-200 min nəfər olan Çöhrəm, Mərvdəşt şəhərləri Şirazdan sonra əsas ikinci regional səviyyəli urbanizasiya mərkəzləri – vahid məskunlaşma sisteminin istinad-dayaq karkaslarıdır. Bu şəhərlərin sosial-iqtisadi bazaları mövcud demoqrafik potensiala əsasən uyğun gəlir. Bu şəhərlərin sosial-iqtisadi inkişafı daha kiçik şəhər və yaşayış məntəqələrinin daha sürətli sosial-iqtisadi inkişafı fonunda həyata keçirilməlidir ki, həmin kiçik yaşayış məntəqələrinin tənəzzülünə gətirib çıxarmasın. Bu böyük şəhərlərin müəssisələrinin həmin kiçik və orta şəhərlərdə filiallarının yaradılması məqsədəuyğundur.

Şiraz şəhərinin əsas ölkə səviyyəli, respublika vahid məskunlaşma sisteminin birinci dərəcəli istinad-dayaq karkası kimi inkişafı digər şəhər və yaşayış məntəqələrinin daha öncül sosial-iqtisadiinkiaşfı fonunda həyata keçirilməlidir. Şiraz şəhəri əsas, aparıcı urbanizasiya strukturu kimi yerlərdə də urbanizasiya səviyyəsinin inkişafını stimullaşdırmalıdır. Şiraz şəhəri ilə ostanın digər şəhərləri, xüsusən də orta və kiçik şəhərləri arasında mövcud olan miqrasiya balansının ikincilərin xeyrinə azaldılmasını təmin etmiş olar.

NƏTİCƏ VƏ TƏKLİFLƏR

İran İR-in Fars ostanında şəhərlərin iqtisadi və sosial-demoqrafik potensialı və onların inkişaf dinamikasının təhlili əsasında aşağıdakı nəticələri söyləmək olar:

  1. Fars ostanında olan şəhərlər əhalisinin sayına, iqtisadi potensialına, regionlar üzrə paylanmasına görə kəskin şəkildə fərqlənir. Əhalinin həyat şəraitində, məşğulluq səviyyəsi və quruluşunda olan fərqlər, əksər şəhərlərin inzibati mərkəz olan Şirazdan geri qalması miqrasiya intensivliyinin yüksəlməsinə və onların Şirazda daha çox cəmlənməsinə səbəb olur. Bu prosesin nizamlanması üçün regionların inkişafı üzrə xüsusi Dövlət Proqramlarının qəbul edilməsi zəruridir.
  2. Ərazinin demoqrafik potensialı, onun inkişafında əhəmiyyətli rol oynayır. Demoqrafik potensial ölkənin sosial-iqtisadi inkişafına, təsərrüfatın ərazi təşkilinə, təbii şərait və ehtiyatlardan istifadə edilməsinə, şəhərlərin inkişafına təsir göstərir. Onun formalaşması təbii artımla yanaşı, miqrasiya, əməktutumlu istehsal sahələrinin fəaliyyət göstərməsi, məskunlaşmanın tarixi-coğrafi inkişaf xüsusiyyətləri ilə əlaqədardır.Bu zaman baş verən dinamiki proseslərin nizamlanması, əhalinin sayının davamlı artımı və təsərrüfatın inkişafının təmin edilməsi üçün xüsusi proqramların müəyyən edilməsi lazım gəlir.
  3. Fars ostanında təsərrüfat sahələrinin ərazi təşkilində olan kəskin fərqlər əhalinin yerləşməsində də fərqlərin yaranmasına səbəb olur. İnzibati mərkəz olan Şiraz şəhərində demoqrafik potensialın əsas hissəsi cəmlənmişdir. 2006-cı ilə olan statistik məlumatlara görə ostanın Şiraz nahiyəsində əhalinin sayı 1711,2 min nəfər olmuşdur.Onların 1324,1 min nəfəri və ya 77,4%-i şəhərlərdə, 387,1 min nəfəri kəndlərdə yaşayır. Fars ostanının ümumi əhalisinin 39,5%-i, o cümlədən şəhər əhalisinin 49,9%-i Şiraz nahiyəsinin payına düşür. Belə yüksək göstəricilər ilk növbədə Şirazın yüksək inkişaf səviyyəsində olması, böyük iqtisadi  və sosial-demoqrafik potensialı ilə əlaqədardır.
  4. XX əsrin 80-ci illərində olan İran-İraq müharibəsi dövründə Fars ostanında əhalinin miqrasiyası yüksək olmuşdur.Ostanda əhalinin miqrasiyası prosesində daxili miqrantlar, o cümlədən şəhərlərdən şəhərlərə miqrantlar çoxdur. Əhalinin kiçik şəhərlərdən böyük şəhərə doğru hərəkəti və burada toplanması gedir. Ailə vəziyyəti ilə əlaqədar miqrasiya edənlərin sayı üstünlük təşkil edir. İş axtarmaq və təhsil məqsədi ilə miqrasiya edənlər də ostanda hələlik çoxdur.
  5. 70-ci illərin ikinci yarısından sonra əhalisinin sayı az olan şəhərlər və onlarda olan əhalinin sayı getdikcə azalır, orta və böyük şəhərlərin sayı isə artmaqda davam edir. Bunun səbəbi sosial-iqtisadi inkişaf, əhalinin artımı, xüsusilə yüksək səviyyəli təbii artımıdır. Kiçik və orta şəhərlərin nisbətən öncül sosial-iqtisadi inkişafı həyata keçirilsə də, onlar öz artan demoqrafik potensialının yerlərdə qalmasını təmin edə bilmirlər. Nəticədə bütün ostan ərazisinin proporsional, nisbətən bərabər sosial-iqtisadi inkişafı prosesi getmir. Şiraz şəhəri təbii artımla yanaşı, həm də miqrasiya hesabına böyüyür.
  6. Fars ostanı şəhərlərinin təsərrüfat strukturunda dağ-mədən (hasilat), emaledici sənaye, tikinti materialları istehsalı aparıcı təsərrüfat sahələridir. Şəhərlərin işçi qüvvəsinin müəyyən hissəsi də şəhəryaradıcı kənd təsərrüfat sahələrində, heyvandarlıq komplekslərində və müxtəlif xidmət sahələrini birləşdirən sosial müəssisələrində çalışır. Fars ostanının şəhərləri və şəhər ətrafında olan müxtəlif həcmli vətəyinatlı sənaye müəssisələrinin sayı 608-ə bərabər olmuşdur. Onların  əksəriyyətiniisə sənaye istehsal heyətinin sayı 10-49 nəfər təşkil edən kiçik, az əmək tutumlu müəssisələr təşkil edir.  Ona görə əhalinin məşğulluğunun təmin edilməsi üçün iri təsərrüfat obyektlərinin yaradılması zəruridir.

 

                                               CƏLALİAN İSHAQ ƏLİKAZIM OĞLU