2013-cü il noyabrın 25-də AMEA-nın konfrans zalında  AR Strateji Araşdırmalar Mərkəzinin (SAM) və akad.H.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdiddir” mövzusunda elmi-praktiki konfrans keçirildi.

Konfransda AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov, Milli Məclisin deputatı Rövşən Rzayev, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Adil Qəribov  və  başqaları iştirak edirdilər.

Konfransı giriş sözü ilə SAM-ın direktoru Fərhad Məmmədov açaraq iştirakçıları salamladı, təşəkkürünü bildirdi və sözü məruzəçilərə verdi. AMEA-ın Yer Haqqında Elmlər Bölməsinin akademik katibi Fəxrəddin Qədirov konfransın əhəmiyyətindən, hidrotəhlükələrin beynəlxalq aləmə çatdırılmasının vacibliyindən danışdı. Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov çıxışında müasir dünyada su resurslarının vacibliyini əsaslandırdıraraq, bu sahədə özünün beynəlxalq layihələrdəki təcrübəsindən söz açdı. Azərbaycanın transsərhəd çayları olan Kür, Araz, Qanıx, Qabırrı və Samur çaylarının hər biri haqqında məlumat verərək, çayların müasir vəziyyətini işıqlandırdı. Məruzəçilər sırasında Milli Məclisin deputatı Rövşən Rzayev öz çıxışında diqqəti Sərsəng su anbarına yönəldərək vaxtilə 7 rayonun suvarma sistemini təmin edən bu su anbarında işğaldan sonra  bu günə qədər heç bir prafilaktik işlərin görülmədiyini diqqətə çatdırdı. MM-in deputatı Ermənistanın bu kimi işlər üçün maddi imkanının olmamasını da vurğuladı. Sonra “Hidroböhran, münaqişələr, strategiya” kitabının müəllifi Araz Qurbanov öz məruzəsində dövlətlərarası su ehtiyatlarındakı münaqişələrdən, böhran vəziyyətindən söz açaraq SAM-ın vacib mövzuya dair apardığı tədqiqatların nəticələrindən, Azərbaycanda şirin su ilə bağlı yaranmış çətinliklərdən, Ermənistanın Azərbaycana qarşı apardığı hidroterror məsələlərindən bəhs etdi. Sonda Coğrafiya İnstitunun şöbə müdiri Rəna Qaşqay “Azərbaycanda transsərhəd çaylarının ekoloji vəziyyəti və onların sosial-iqtisadi əsasları” mövzusunda məruzəsi ilə çıxış etdi.