Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.

C.e.d. Yelena Tağıyeva “Azərbaycanda Orta, Son Pleystosen və Holosen dövrünün basdırılmış torpaqları və onların paleocoğrafi əhəmiyyəti” mövzusunda şöbənin elmi hesabatının yekununa dair məruzə  ilə çıxış edib, hesabatın icracıları (Y.Tağıyeva, R.Fətəliyev, Ü.Xəlilova və A.Əliyev), işin məqsədi, tədqiqat obyekti və üsulları, görülmüş işlərin nəticələri haqqında ətraflı məlumat verib. Məruzədə əvvəllər öyrənilməmiş yeni kəsilişlər və onlarda aşkar edilmiş basdırılmış torpaq təbəqələri, o cümlədən onların genetik və stratiqrafik xüsusiyyətləri,  qranulometrik və mineraloji tərkibləri, həmçinin həmin dövrlərə məxsus bitki və heyvanlar aləmi haqqındakı məlumatlar diqqətə çatdırılıb.

 Sonra c.e.d. Məhəmməd Abduyevin “Böyük Qafqazın çay sularının keyfiyyəti və istifadəsi (Mazımçay-Daşağılçayarası)” mövzusunda məruzəsi dinlənilib. Natiq tədqiq etdiyi ərazidə çayların illik və orta axım həcmini təyin etməklə bu çayların respublikanın yerli su ehtiyatlarının 38,2%-ni təşkil etdiyini qeydə alıb. O həmçinin bölgənin çay sularının çirklənmə ərazilərini, səbəblərini araşdırmış, suyun tərkibində hansı kimyəvi elementlərin çoxluq təşkil etdiyini dəqiqləşdirmişdir. Müəyyən edilmişdir ki,  suyun 80-95 mln m3-i nəql zamanı itkiyə sərf olunur ki, bu da bölgənin təbii mənbələrindən götürülən su ehtiyatlarının 22%-dən çoxunu təşkil edir. Diqqətə çatdırılıb ki, İon axımı modulunun hesablanmış qiymətlərinə əsasən öyrənilən çay hövzələrindəki kimyəvi denudasiyanın intensivliyi  xəritəsi tərtib edilmişdir.