AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ PREZİDENTİ

 

SƏRƏNCAM

№ 100

Bakı şəhəri                                                                                                                                        02 fevral 2016-cı il

 

Regional ali təhsil və elmi tədqiqat müəssisələrinin

doktorant və dissertantlarının “İnformatika” fənni üzrə

doktorluq imtahanının test texnologiyaları əsasında İnternet

 üzərindən distant formada keçirilməsi haqqında

 

Elm və təhsil arasında inteqrasiyanın gücləndirilməsi, yüksək ixtisaslı kadr hazırlığına yeni tələblər səviyyəsində yanaşma son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Bununla əlaqədar olaraq hazırda AMEA-da doktorantların və dissertantların biliklərinin obyektiv qiymətləndirilməsi üçün yeni mexanizmlərin, o cümlədən test sisteminin işlənib hazırlanması və tətbiq edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 25 oktyabr 2002-ci il tarixli 06 nömrəli, 16 dekabr 2002-ci il tarixli 17 nömrəli və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 15 yanvar 2003-cü il tarixli 2/5 nömrəli qərarlarına müvafiq olaraq respublika üzrə doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və doktorluq imtahanları AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilir. 2003-2015- ci illər ərzində İnstitutun Tədris-İnnovasiya Mərkəzinin İnformatika fənni üzrə təşkil edilmiş kurslarında 15 minə yaxın doktorant və dissertant iştirak edərək imtahan vermişdir. İmtahanlar 2013-cü ildən etibarən elektron test üsulu ilə aparılır.

Ölkədə distant təhsilin tətbiqinin informasiya cəmiyyətinin inkişafına, təhsilin informasiyalaşdırılmasına dair dövlət siyasətinin tərkib hissəsi olduğu nəzərə alınaraq, AMEA-nın Naxçıvan və Gəncə bölmələrində Distant Tədris Mərkəzləri yaradılmış, həmin bölgələrdə fəaliyyət göstərən doktorant və dissertantlara İnformatika fənnindən dərslər İnternet üzərindən distant formada tədris olunur.

Yuxanda qeyd olunanları nəzərə alaraq:

1.    AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılsın:

1.1. Regional ali təhsil və elmi tədqiqat müəssisələrinin doktorant və dissertantlarının ‘İnformatika” fənni üzrə doktorluq imtahanları test texnologiyaları əsasında İnternet üzərindən distant formada təşkil olunsun.

1.2. Sərəncamın birinci bəndinin icrasından irəli gələrək müvafiq texnoloji, təşkilatı və inzibati tədbirlərin həyata keçirilməsi təmin edilsin.

1.3. “İnformatika” fənni üzrə doktorluq imtahanlarının test texnologiyaları əsasında İnternet üzərindən distant formada təşkili ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının və regional ali təhsil və elmi tədqiqat müəssisələrinin məlumatlandırılması təmin edilsin.

2. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

AMEA-nın prezidenti                        akademik   AKİF ƏLİZADƏ