29.02.2016.

Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin Geofizika və Kosmik Okeanoqrafik Tədqiqatlar Laboratoriyasının (KOTL) əməkdaşları Jan-Fransua Kretaks və Amanda Montazem AMEA H.Əliyev adına Coğrafiya İnstitutu ilə birgə

aparılan elmi əməkdaşlığı daha da möhkəmləndirmək və genişləndirmək, eləcə də gələcək perspektivləri müzakirə etmək məqsədilə Azərbaycanda olmuşlar. 2003-cü ildən KOTL ilə  birgə bir neçə beynəlxalq layihə üzərində işləmiş Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu əməkdaşlığın əsasını qoymuş,  indi isə onları Bakıya dəvət etmişdir.

Qarşılıqlı iş birliyinin təşəbbüskarı və təşkilatçısı olan akademik Ramiz Məmmədovun işləyib hazırladığı xəritələr əsasında xarici qonaqlar təyin edilmiş marşrut üzrə,  Kür çayı boyunca Neftçaladan başlayaraq Yevlax rayonunda yerləşən müxtəlif ərazilərdə olmuş, Bankə məntəqəsində və Varvara su anbarının yaxınlığında  Kür üzərində santimetr dəqiqliyi ilə  ölçmə işləri aparmışlar. Əsas məqsəd təbii axın nəzərə alınmaqla, CPS vasitəsi və  peyk müşahidə məlumatları ilə Kür və Araz çaylarının səviyyəsini ölçmək, eləcə də digər parametrlərin monitorinqini yerinə yetirmək olmuşdur.

Qarşılıqlı əməkdaşlıq zəminində yaxın gələcəkdə peyk müşahidələrinə əsasən Azərbaycanın ən böyük çayları olan Kür və Arazın  hündürlük səviyyəsinin və su sərfinin hesablanması da nəzərdə tutulur.

Fransız tədqiqatçılar Coğrafiya İnstitutda keçirilən elmi seminarda iştirak etmiş, Xəzər dənizinin problemləri şöbəsinin elmi işçisi Elnur Səfərovun “Xəzər dənizinin çoxillik səviyyə tərəddüdlərinin peyk altimetriyası vasitəsilə öyrənilməsi” adlı   məruzəsini dinləmiş, müzakirədə fəallıq göstərmişlər.

Seminardan sonra  AMEA H.Əliyev adına Coğrafiya İnstitutu ilə Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin Geofizika və Kosmik Okeanoqrafik Tədqiqatlar Laboratoriyası  arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.