Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.

Cİ-nin dissertantı Aqil İsayev “Şirvan düzü aqrolandşaftlarının geokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları” mövzusunda məruzə ilə çıxış edib.  O, Şirvan düzünün 188 məntəqəsində tədqiqat işləri aparmış, 38 məntəqəsindən götürdüyü nümunələrdən alınan nəticələr əsasında  Şirvan düzü aqrolandşaftlarının aqrolandşaft, geokimyəvi, tibbi ekogeokimyəvi, qurunt sularının  səviyyəsinin aqrolandşaflar üzrə paylanması  xəritələrini tərtib etmişdir. Dissertant hər bir  aqrolandşaft sahəsini hesablamış, ərazi üzrə daha çox gəlirli olan yeni aqrolandşaft sahələrinin (biyan, yerkökü) genişləndirilməsi təklifini irəli sürmüşdür. Analizlərin nəticələrinə əsasən müəyyən edilmişdir ki, makro-ionlardan sulfatlı-maqneziumlu-kalsiumlu (SO4-Mq-Ca), xlorlu-natriumlu-kalsiumlu (Cl-Na-Ca), xlorlu-hidrokarbonatlı-kalsiumlu (Cl-HCO3-Ca), sulfatlı-kalsiumlu-natriumlu (SO4-Ca-Na), sulfatlı-natriumlu-maqneziumlu (SO4-Na-Mq) birləşmələr ərazinin aqrolandşaftları üçün daha  səciyyəvidir. Eyni zamanda məruzəçi Şirvan düzündə izafi və çatışmayan əsas mikroelementlərin miqdarını və ərazi üzrə yayılma areallarını  müəyyən etmiş, bu anomaliyanın insan sağlamlığına mənfi təsirinin azaldılmasına yönələn, elmi dəlillərə əsaslanan  tövsiyə xarakterli təkliflər vermişdir.

Sonra Aytən Namazovanın “Böyük Qafqazın termal və mineral sularının təsərrüfat baxımından qiymətləndirilməsi və onun perspektiv istifadə imkanları” mövzusunda məruzəsi dinlənilib.  Böyük Qafqaz təbii-coğrafi vilayətində ilk növbədə turizm-rekreasiya inkişafının artırılmasının vacibliyini qeyd edən məruzəçi bu sahədən gələn gəlirləri çoxaltmaq üçün müasir tipli turizm-rekreasiya müəssisələrinin yaradılmasının,  nəqliyyat, reklam, tanıtdırma və xidmət mədəniyyətinin yüksəldilməsinin,  Böyük Qafqazın bütün regionlarında qış turizmi və müalicə-profilaktika üçün müasir standartlara cavab verən bazanın möhkəmləndirilməsinin və bu kimi bir sıra  amillərin həll edilməsinin zəruriliyini diqqətə çatdırıb.