25.04.2016

         Aprelin 24-də başda direktor, akademik Ramiz Məmmədov olmaqla, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun bir sıra əməkdaşı –

ümumi işlər üzrə direktor müavini Anar  Osmanlı, aparıcı elmi işçilər – c.ü.f.d. Məhərrəm Həsənov və Müseyib Yunusov  Şamaxı rayonunda ezamiyyətdə olmuş, Pirqulu stasionarının müdiri, a.ü.f.d. Çingiz Qülalıyev və stasionarın əməkdaşı Abbas İsmayılovla birgə Pirqulu Stasionarında əvvəllər fəaliyyət göstərmiş meteoroloji stansiyanın fəaliyyətini yenidən bərpa etmişlər.

         Stansiyada havanın temperaturu, nisbi və mütləq rütubəti, düz, səpələnən və əks olunan günəş radiasiyası, yer səthinin radiasiya balansı üzərində müşahidələr aparılacaqdır. Bundan başqa, torpaq səthinin təcili, maksimal və minimal temperaturları, torpağın 5, 10, 15 və 20 sm. dərinliklərində temperaturu, küləyin istiqaməti və sürəti də ölçüləcəkdir.  Təlimata uyğun olaraq, hər 3 saatdan bir,  sutkada 8 dəfə olmaqla, meteoroloji müşahidələr aparılacaqdır.

         Meteoroloji stansiya dəniz səviyyəsindən təqribən 1400 m. yüksəklikdə  yerləşir. Gələcəkdə isə burada avtomatlaşdırılmış meteoroloji stansiyanın qurulması nəzərdə tutulur. Burada meteoroloji müşahidələrin aparılması dağlıq ərazidə yerləşən meşə landşaftının mikroiqliminin öyrənilməsinə, ərazidə iqlim dəyişmələrinin izlənməsinə, landşaftda baş verə biləcək dəyişikliklərin qeydə alınmasına, biomüxtəlifliyin öyrənilməsinə böyük kömək göstərəcəkdir.