9.05.2016

AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadə və institutun aparıcı elmi işçisi,  coğrafiya üzrə fəlsəfə doktoru, dosent Stara Tarixazərin

“Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk” monoqrafiyası Rusiya Coğrafiya Cəmiyyətinin (RCC) “Büllur kompas” müsabiqəsinin Elmi nailiyyət nominasiyasında qalib gələrək finala vəsiqə qazanmışdır. 

Rusiya Coğrafiya Cəmiyyətinin coğrafiya, ekologiya, təbii, tarixi və mədəni irsin qorunması və təbliği məqsədilə 2012-ci ildən başlayaraq hər il təşkil etdiyi “Büllur kompas” müsabiqəsinin təşkilat komitəsinə bu il Rusiyanın 115 yaşayış məntəqəsindən, eləcə də ABŞ, Çin, Belorus, Ukrayna, Azərbaycan, Bolqarıstan, Polşa, Litva, Serbiya və Monqolustandan  300 layihə daxil olmuş, onlardan 33-ü 11 nominasiyada ekspert şurasından keçərək finala çıxmışdır.

 Azərbaycanlı alimlər E.Əlizadə və S.Tarixazər RCC-nin “Büllur kompas” müsabiqəsinin  mükafatlandırma mərasimində iştirak etmək üçün 2016-cı il mayın 12-də  Rusiya Federasiyasının Krasnodar şəhərinə gedəcəklər.