23.12.2016.

Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi və Coğrafiya İnstitutunun birgə iclasında “Coğrafiya İnstitutunun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekun hesabatı təqdim edilib.

İclasa sədrlik edən bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov hesabat məruzəsi ilə çıxış edib.

Bildirilib ki, İnstitutun  əməkdaşları 2016-cı ilin öz elmi – tədqiqat işlərini Azərbaycan regionlarının iqtisadi–coğrafi problemlərinə; ekocoğrafi vəziyyətinin tədqiqinə;  Azərbaycanın müasir geosistemlərində baş verən dinamiki dəyişikliklərə; su ehtiyatlarına və insanın təsərrüfat fəaliyyətinə; iqlim dəyişmələrinin Azərbaycan təbiətinə və təsərrüfat komplekslərinə gözlənilən təsirin qiymətləndirilməsinə; Azərbaycanın coğrafi obyekt adlarının tədqiqinə; Xəzər dənizinin Azərbaycan akvatoriyasında hidrofiziki sahələrinin kompleks tədqiqinə  və s. istiqamətlərə həsr etmişlər.

R.Məmmədov cari  ildə coğrafi tədqiqatların  2 problem:  Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının; təbii ehtiyatlarının və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi; istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi əsasında aparıldığını diqqətə çatdırıb. Bu problemlərə dair icra olunan 15 mövzudan 7-si fundamental, 8-i tətbiqi əhəmiyyətli işlərdir.

2016-cı ildə İnstitutun elmi-tədqiqat planına müvafiq olaraq əməkdaşlar tərəfindən yerinə yetirilən 15 mövzu, 18 iş və 19 mərhələdən cari ilin sonunda – 11 mövzu, 14 iş və 19 mərhələ başa çatmışdır.

Bildirilib ki, başa çatmış elmi tədqiqat işlərindən 10-dan artıq elmi nəticə əldə edilmişdir. İnstitut rəhbəri ən mühüm nəticələrdən danışarkən qeyd edib ki, ilk dəfə hərəkətin diferensial tənliklərinin həll edilməsinə əsaslanan yol boyunca avtomobilin hərəkətinin simulyasiyası və vizuallaşdırılması metodu işlənmişdir ki, bu metod Günəş avtomobillərinin naviqasiya sistemi əsasının təşkili və onların optimal idarəsinin həyata keçirilməsi üçün istifadə edilə bilər.

Həmçinin, Azərbaycan Respublikasının relyefi, geoloji quruluşu, iqlimi, su ehtiyatları, bitki-torpaq örtüyü, landşaftları və fiziki-coğrafi rayonlaşması bütün ölkə ərazisi üçün yeni faktiki materiallar əsasında təhlil edilmiş, müstəqillik illərində ölkəmizin və onun regionlarının iqtisadi-sosial inkişafında baş vermiş dəyişikliklər müəyyənləşdirilmişdir. Tədqiqatların nəticələri Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.  

Akademik 4 qrant layihəsi üzrə aparılan elmi-tədqiqat işlərinin icrası haqqında məlumat verib və cari ilin sonunda daha 2 layihənin  qalib gəldiyini qeyd edib.

Diqqətə çatdırılıb ki,  institut əməkdaşları tərəfindən çap olunmuş və ya çapa təqdim olunmuş 200-ə yaxın elmi əsərdən 1 kitab, 6 monoqrafiya, 1 elmi populyar kitab, 5 dərslik və dərs vəsaiti, 2 jurnal nəşr olunub. Çapa təqdim olunan 180-dən artıq məqalə və 2 tezisdən isə 138-i artıq nəşr olunmuşdur. Xaricdə çap olunan 45 məqalədən 7-si impakt  faktorludur.  “Dünyanın iqlim xəritəsi” və “Azərbaycanın sellər xəritəsi” nəşr olunub. “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi nəşrə verilmişdir.

Daha sonra mövzu ətrafında AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyev, Cİ-nin şöbə müdirləri – AMEA-nın müxbir üzvü Rauf Qardaşov və a.ü.f.d. Ənvər Əliyev və digərləri çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.