Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru, professor, Paleocoğrafiya şöbəsinin  müdiri Ələsgərov Bayram Cavad oğlu vəfat etmişdir.

Ələsgərov Bayram Cavad oğlu 1934-cü il yanvar ayının 15-də Azərbaycan Respublikası Gədəbəy rayonun Rüstəm Əliyev kəndində anadan olmuşdur.1965-ci ildə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun palecoğrafiya şöbəsinə aspiranturaya daxil olmuş, 1969-cu ildə buranı  bitirdikdən sonra bütün sonrakı həyat və fəaliyyətini Coğrafiya İnstitutu ilə bağlamışdı.

Bayram müəllim Azərbaycanın paleocoğrafi şəraiti, Dördüncü dövr çöküntülərinin stratiqrafiyası, Azərbaycanın dağlıq ərazilərinin buzlaşmaları, buzlaşmalarla Xəzər dənizinin reqressiyasının, buzlaqarası istiləşmələrlə Xəzərin transqressiyalarının sinxronluğu, Azərbaycanın Dördüncü dövrdəki bitki örtüyü və heyvanlar aləminin bərpası və onların yayıldığı ekoloji şərait, Azıx mağarasının mədəni qalıqlarına əsasən paleolit insanlarının məskunlaşması və məskunlaşma əsrlərində onların paleoekoloji şəraitinə dair geniş tədqiqat işləri aparmışdır.

Bütün bu tədqiqatların nəticələrini ümumiləşdirərək, 1991-ci ildə «Pleystosendə Azərbaycanın paleocoğrafiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş, Azərbaycan elmini dəfələrlə xarici ölkələrdə yüksək səviyyədə təmsil etmişdir.

150-dən çox elmi əsərin, o cümlədən 3 monoqrafiya, paleolandşaft, paleoiqlim xəritələrin müəllifidir. Elmi əsərləri Türkiyədə, Rusiyada, Ukraynada, Pribaltika respublikalarında, İranda və s. ölkələrdə nəşr olunmuşdur.

Allah rəhmət eləsin!  Ruhun şad, məkanın cənnət olsun, əziz həmkarımız!