14.10.2015.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Respublikasının coğrafiyası” üçcildlik monoqrafiyanın təqdimatı olub.

 Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov təqdimat mərasimində geniş məruzə ilə çıxış edərək əvvəlcə coğrafiya elminin cəmiyyətdəki rolundan, müasir dövrdəki vəziyyəti  və əhəmiyyətindən qısaca olaraq söhbət açıb. Sonra natiq nəşrin əhəmiyyəti, üççildliyin  yaranma şəraiti, yazılmasının əsas məqsədi, məzmunu və s. haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, BDU coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov, İnstitutun şöbə müdiri, c.ü.f.d. Habil Haqverdiyev və başqaları  çıxış edərək mühüm əhəmiyyət  daşıyan “Azərbaycan Respublikasinin Coğrafiyasi” üçcildliyini  yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, bu fundamental tədqiqat əsəri  Azərbaycanı  tanımaq üçün  çox gözəl mənbədir.  Çıxış edənlər əsərin  rus və ingilis dillərində çap edilməsini də məqsədəüyğun hesab ediblər.

 Akademik Ramiz Məmmədovun təqdimat məruzəsindən çıxarış:

Coğrafiya elminin müasir funksiyası

XX əsrin ikinci yarısından başlayaraq coğrafiya artıq özünün təsvir funksiyasını başa vurur, təbiətin, təbii proseslərin, və cəmiyyətin  ayrılıqda və qarşılıqlı inkişaf qanunauyğunluqlarını öyrənən fundamental və həm də tətbiqi elmə çevrilir. Hazırda iqtisadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, coğrafi məlumatlara ehtiyac duyulmasın və coğrafiya elminin nailiyyətlərindən istifadə edilməsin. Əsasən təbii ehtiyatlar və onlardan səmərəli istifadə, istehsalın ərazi yerləşdirilməsi, genişləndirilməsi və əhalinin məskunlaşmasının coğrafi problemlərini öyrənən bu elm Azərbaycanda onun təbii və iqtisadi xüsusiyyətlərinə müvafiq istiqamətdə inkişaf etdirilir.

Kitabın yazılmasına zəmin-əsas

Azərbaycanın coğrafiyasının müxtəlif  bölmələrinə aid qiymətli əsərlər son yüz ildə dəfələrlə nəşr olunmuşdur. Lakin geniş oxucu kütləsi, o cümlədən elmi işçilər, ali və orta məktəblərin müəllim-tələbə heyəti, ərazi planlaşdırılması ilə məşğul olan mütəxəssislər və s. üçün çox gərəkli olan ümumiləşdirilmiş yeni məlumatlara əsaslanan Azərbaycan Respublikasının Coğrafiyası hələ yazılmamışdı. Bu sahədə bir boşluq hiss olunurdu.

Kitablarıı yazmaqda məqsəd

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkənin gələcək inkişaf yollarının, iqtisadi-siyası inkişafın təbii-antropogen potensialının müəyyən edilməsi və yeni şəraitdə dövlətin təbii ehtiyatlarının elmi cəhətdən qiymətləndirilməsi gündəmə gəldi. Bu cəhətdən ərazimizin təbii-coğrafi, iqtisadi-coğrafi, ekocoğrafi xüsusiyyətlərinin və potensialının öyrənilib-qiymətləndirilməsin  və geniş ictimaiyyətə təqdim olunmasında böyük ehtiyac olduğunu və həm də vətəndaşların öz ölkəsini tanımaq arzusunda olduğunu nəzərə alaraq belə bir fundamental kitab yazıldı.

İnstitutun mütəxəssislər kollektivi ölkəmizin çox zəngin təbii və iqtisadi coğrafi resurslarını daha dəqiq təhlil etmək və qiymətləndirmək üçün ümumi ad verdikləri “Azərbaycan Respublikasının coğrafiyası” əsərini bir-biri ilə qarşılıqlı əlaqədə olan, bir-birini üzvü surətdə tamamlayan üç müstəqil fundamental hissəyə ayırmışlar.  I  cild “Azərbaycan Respublikasının fiziki coğrafiyası”, II cild - “Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası” və nəhayət, III cild – “Azərbaycan Respublikasının regional coğrafiyası” adlanan bu  əsərlərin Azərbaycan coğrafiya elmində analoqu yoxdur.

Kitabda nədən yazılmışdır

Trilogiyanın birinci cildi “Azərbaycan Respublikasının fiziki coğrafiyası”na həsr olunmaqla ölkəmizin coğrafi mövqeyi, oroqrafiyası, ərazimizin öyrənilmə tarixi, geoloji quruluşu, faydalı gazıntıları, paleocoğrafiyası, geomorfologiyası haqqında elmi biliklər geniş və zəngin faktiki materiallarla şərh edilir və çoxsaylı xəritə, qrafik və sxemlərlə müşaiyət olunur. Geniş həcmli əsərin sonrakı hissəsində qlobal iqlim dəyişiklikləri şəraitində Azərbaycan Respublikasının iqlimi, daxili suları, Xəzər dənizi, torpaq və bitki örtüyünün səciyyəvi xüsusiyyətləri son elmi-nəzəri və metodiki baxışlar səviyyəsində təhlil edilir. Təbii komponentlərin kompleks  vəhdətindən yaranan ölkə ərazisinin müasir landşaftları və ekocoğrafi problemləri araşdırıldıqdan sonra bütün kompleks məlumatlar nəzərə alınmaqla Azərbaycan Respublikasının fiziki-coğrafi rayonlaşdırılması diqqətə çatdırılır və ayrılmış hər bir fiziki-coğrafi vahidin səciyyəvi xüsusiyyətləri elmi təhlil edilir.

Fundamental əsərin ikinci cildi ölkənin iqtisadi, siyasi və sosial-demoqrafik problemlərinin tədqiqinə, onların yaranması səbəbləri və aradan qaldırılması istiqamətində təkliflər və tövsiyyələrin işlənib hazırlanmasına həsr edilib.

Kitabın üçüncü cildi Azərbaycan Respublikasının regional coğrafiyasına həsr olunub. Altı hissə və on fəsildən ibarət bu cilddə Azərbaycan regionlarının iqtisadi və fiziki coğrafi xüsusiyyətləri və inkişaf perspektivləri araşdırılır. Eyni zamanda regionların inkişafı haqqında Dövlət Proqramlarından irəli gələn iqtisadi-coğrafi məsələlərin həlli və həmin proqramların həyata keçirilməsi, respublikanın dayanıqlı iqtisadi inkişafının təmini, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən və görülməsi vacib olan məsələlər tədqiq edilir. Bundan başqa kitabda respublikanın beş təbii-coğrafi vilayətinin fiziki-coğrafi xüsusiyyətləri son illərin məlumatları əsasında ətraflı tədqiq və təhlil edilir. Həmçinin respublikanın on iqtisadi-coğrafi rayonunun hər birinin iqtisadi potensialı təhlili verilir, onlarda gələcəkdə inkişaf etdirilməsi daha məqsədəuyğun olan təsərrüfat sahələri göstərilir, perspektiv inkişaf istiqamətləri proqnozlaşdırılır.

Kimin üçün faydalıdır?

  • Hər şeydən əvvəl kitab Azərbaycanı tanımaq istəyənlər üçündür;
  • Ölkənin gələcək inkişaf yollarının, iqtisadi-siyası inkişafının təbii-antropogen potensialının müəyyən edilməsi və yeni şəraitdə ölkənin təbii ehtiyatlarının elmi cəhətdən qiymətləndirilməsi üçün gərəklidir;
  • Regionların inkişafı, yoxsulluğun azaldılması, ekoloji baxımdan davamlı inkişaf və s. Dövlət Proqramlarının icrasında faydalıdır;
  • Kitab sənayenin və kənd təsərrüfatının ərazi təşkili və əhali məskunlaşmasının optimallaşdırılması ilə məşğul olan mütəxəssislər üçün faydalıdır;
  • Respublikada sənaye, kənd təsərrüfatı və ətraf mühitin müxtəlif səviyyəli idarə edilməsində istifadə edilə bilər;
  • Universitetlərin Coğrafiya, İqtisadiyyat və Planlaşdırılma, Beynəlxalq münasibətlər, Regionşünaslıq və s. fakültələrin müəllim, tələbə və doktorant heyəti üçün bu əsərlər əvəzedilməz mənbədir.
  • Əsər həmçinin də ölkə ərazisində regional planlaşdırma ilə məşğul olan dövlət orqanları üçün mötəbər elmi məlumat bazasıdır.