Xəzər dənizinin hidrometeoroligiyası
Müəllif - R.M.Məmmədov
Kitab 6 hissədən ibarət olaraq Xəzər dənizinin hidrometerologiyası və səviyyə problemi sahəsində işləyən mütəxəssislər, doktorantlar və tələbələr üçün nəzərdə tutulmuşdur.
Kitabın ümumi səciyyə hissəsində qısa şəkildə Xəzər dənizinin etimologiyası və formalaşması, müasir fiziki parametrləri və coğrafi səciyyəsi, mühafizə olunan əraziləri haqqında yeni informasiya verilir. Bu fəslin təbii ehtiyatlar hissəsində karbohidrogen ehtiyatları və bioloji resursları da araşdırılır. Ikinci fəsildə sahillərin və dəniz dibinin geomorfologiyasından, üçüncü fəsildə isə dəniz üzərində iqlim şəraitinin formalaşmasından və meteoroloji dəyişkənlikdən bəhs olunur.
Dənizin hidrologiyasına kitabda böyük yer verilir, dördüncü fəsil bu mövzuya həsr olunmuşdur. Fəsildə dənizin axınları, temperaturu, duzluluğu, şəffaflığı və s. hidroloji parametrlərin mövsüm dəyişmələrini əks etdirən yeni xəritələr verilmişdir.
Xəzər dənizinin səviyyəsinin dəyişməsi və onun sosial-iqtisadi-ekoloji nəticələri, səviyyə dəyişməsinin uzunmüddətli proqnozu xüsusi diqqətlə beşinci fəsildə araşdırılır. Nəhayət, sonuncu, altıncı fəsil dənizin ekocoğrafıyasına, çirklənmə mənbələrinin müəyyənləşdirilməsinə, ümumi ekoloji vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuşdur.
Xəzər dənizinin müasir vəziyyəti
Müəlliflər - Q.N.Panin, R.M.Məmmədov, I.V.Mitrofanov
Monoqrafiyada Xəzər dənizinin müasir vəziyyətini işıqlandıran məqalələr öz əksini tapmışdır. Burada Xəzərin fiziki-coğrafi təsviri əsas yer tutur. Xəzər dənizi rayonunda atmosferin yerüstü sirkulyasiyası yenidənqurma tədqiqatlarının nəticələri göstərilir. Xəzər dənizinin ekoloji problemləri və biomüxtəlifliyinə xüsusi yer verilir.
Risk və fəlakətlər coğrafiyası
Kollektiv müəlliflər - R.M.Məmmədov və digərləri
Gürcüstan, Azərbaycan, Rusiya və Türkiyədən olan Beynəlxalq tədqiqatçılar qrupunun bu birgə işində ilk dəfə olaraq Qafqaz-Pont zonasının rütubətli subtropiklərində təbii və sosial fəlakətlərin ərazi üzrə yayılmasının kompleks analizi verilir. Kitabda zəlzələ və vulkanizm, buzlaqların fəaliyyəti, torpaq sürüşmələri, sellər, çay eroziyası və daşqınlar, abraziya, sahillərin subasması, səhralaşma və s. kimi təbii proseslərin nəticələri, dinamikası və genezisindən bəhs olunur.
Hidrofiziki sahələrin dəyişkənliyi və çirkləndiricilərin Xəzər dənizində yayılması
Müəllif - Məmmədov R.M.
Monoqrafiya Xəzər dənizində hidrofiziki sahələrin dəyişkənliyinin geniş məkan və zaman diapazonunda kompleks tədqiqatına və bu xüsusiyyətlərin dənizdə yayılmış yad çirkləndiricilərə təsirinin öyrənilməsinə həsr olunmuşdur. Axın sürətinin statistik və spektrial xüsusiyyətləri hesablanmış və bu göstəricilərin profilini müəyyən etmək üçün model təklif olunmuşdur. Dənizin şelf zonasında aparılmış unikal eksperimentlər əsasında Xəzər dənizində turbulent diffuziya qanunauyğunluğu müəyyən olunmuş, aktiv fazanın uzunluğunun və subasma nəticəsində yayılmış yad maddələrin qalınlığının hesablanması üçün nəzəri formulalar, düsturlar hazırlanmışdır.
Ramiz Məmmədov
Tərtibçı - R.H.Qardaşov
"Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından olan bu biblioqrafik məlumat kitabçasında tanınmış alim, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Ramiz Mahmud oğlu Məmmədovun elmi-ictimai fəaliyyətindən qısa məlumat verilir.
Azərbaycanda Landaşft Planlaşdırılması (ilk təcrübə və tətbiq)
Müəllif - R.M.Məmmədov
Kitab Avropa üçün adi, bizim üçün isə yeni sayılan lanşaft planlaşdırılması vasitələrinin yaradılmasına və onun Azərbaycanda tətbiq olunmasına həsr olunmuşdur. Landşaft planlaşdırılmasının konsepsiyası, mahiyyəti, məzmunu, məqsədləri və metodları verilir, onun metodikası, səviyyələri və aşağıdakı mərhələləri təqdim olunur: inventarlaşdırma, qiymətləndirmə,ərazi inkişafının sahə və inteqrasiya olunmuş məqsədli konsepsiyaları, əsas fəaliyyət istiqamətləri və tədbirlərin konsepsiyası. Kitabın əsas məqsədi yuxarıda təqdim olunan vasitələrlə Şirvan Milli Parkı və onun ətraf ərazilərinin landşaft planının hazırlanmasıdır.
Qidrometeoroloji dəyişkənlik və Xəzər dənizinin ekocoğrafi problemləri
Müəllif - R.M.Məmmədov
Kitabda Xəzər dənizinin fiziki-coğrafi şəraiti və təbii resursları haqqında yığcam formada məlumatlar verilmişdir. Dənizin temperatur, dalğalanma, duzluluq, şəffaflıq kimi xüsusiyyətlərinin fəsillər üzrə dəyişkənliyini əks etdirən xəritələr tərtib olunmuşdur. Burada müəllif və digər tədqiqatçılar tərəfindən alınmış model hesablamalar və eksperimental nəticələr analiz olunmuş, hidrofiziki sahələrin dəyişkənliyinin qanunauyğunluğu müəyyən olunmuşdur. Dənizin səviyyəsinin tərəddüdü və onun sosial-iqtisadi nəticələrinə kitabda xüsusi diqqət yetirilir. Müvafiq bölmələrdə dənizin çirklənmə mənbələri, xəstəliklər, yad orqanizmlərin yayılması və s. kimi ekoloji problemlərə də toxunulur. Xəzərətrafı regionda sosial-iqtisadi vəziyyət və dənizin siyasi statusu da kitabda analiz olunmuşdur.
Cənubi Qafqaz ölkələrində pilotlu landşaft planlaşdırılması
Müəlliflər – R.M.Məmmədov və başqaları
Kitab mərkəzi və yerli idarəetmə orqanlarının vəzifəli şəxsləri, ekoloqlar, coğrafiyaşünaslar və tələbələr, ekonomik və sosial siyasətin inkişafı, ətraf mühitin mühafizəsi siyasəti və eləcə də landşaft planlaşdırılması üzrə mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Xəzər dənizinin hidrometeoroloji atlası. (Bakı, Nafta –Press, 2014, 300 səh.)
Müəllif - R.M.Məmmədov
“Xəzər dənizinin hidrometeoroloji atlası” kartoqrafik əsər kimi, dəniz haqqında çoxaspektli informasiyanın və müasir biliklərin sistemləşdirilmiş formasıdır.
Şərti olaraq yeddi hissəyə bölünən atlas məzmununa, yeni tədqiqatların nəticələrinin istifadəsinə, xəritə tərtibatında compüter texnologiyasının tətbiqinə, dizayna görə fərqlənir və böyük elmi-praktiki əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Coğrafiyası iqtisadi, sosial və siyasi) Bakı - 2013
II cild
Oxuculara təqdim olunan “Azərbaycan Respublikasının Coğrafiyası “ kitabının ikinci cildi ölkənin müasir iqtisadi-coğrafi problemlərini, onun həlli yollarını işıqlandıran geniş həcmli və konstruktiv xarakter daşıyan elmi əsərdir. Kitab coğrafiya ixtisası üzrə təhsil alan tələbələr, müəllimlər, alim və mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Azərbaycanın dağlıq zonalarının və ətraf ərazilərinin morfostruktur quruluşu (kosmik şəkillərin deşifrlənmə materialları əsasında), Bakı, Elm, 1998, 248 s.
Müəllif - Əlizadə E.K.
Monoqrafiyada Böyük və Kiçik Qafqazın şərq hissəsinin dağlıq zonalarının və ətraf ərazilərinin morfostruktur quruluşu kosmik şəkillərin deşifrlənməsi və çöl tədqiqatları əsasında analiz edilir. Ümumqafqaz və köndələninə yayılma istiqamətli morfostrukturların inkişafı və morfotektoniki xüsusiyyətlərinin formalaşması baxılır.
Kitab coğrafiyaçılar, geoloqlar, o cümlədən Universitetin coğrafiya və geologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulub.
Dağlig relyefin ekzomorfodinamikasi və onun giymətləndirilməsi (Böyük Qafqazın şimal-şərq yamacı timsalında)
Müəlliflər - Əlizadə E.K., Tarixazər S.Ə.
Monoqrafiya dağlıq ərazilərin geomorfoloqiyasının aktual probleminə-dağ geomorfosistemlərinin intensiv mənimsənilməsi şəraitində relyefin ekzomorfodinamikasına və ekzogen mənşəli təbii – dağıdıcı hadisələrlə əlaqədar təhlükələrin qiymətləndirilməsinə həsr olunmuşdur.
Geniş şəkildə təhlükəli ekzodinamiki proseslərin strukturu, həmçinin də tədqiq olunan ərazi daxilində relyefin morfodinamiki gərginliyi məsələləri araşdırılır.
Monoqrafiya coğrafiyaçilar, geoloqlar, ekoloqlar və dağlıg ərazilərin mənimsənilməsi ilə məşgul olan digər mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Arid və semiarid dağ geosistemlərində səhralaşma (Naxçıvan Respublikası timsalında)
Müəllif - Quliyeva S.Y.
Monoqrafiya son dövrlərdə ən kəskin ekoloji problemlərdən olan arid və semiarid dağ və dağətəyi geokomplekslərin təbii və antropogen amillərin təsiri ilə səhralaşmasına həsr olunmuşdur. Naxçıvan MR ərazisi timsalında müasir landşaftların səhralaşma tipləri, dərəcəli və xüsusiyyətləri tadqiq olunur.
Geokomplekslərin dayanıqlı inkişafanı təmin etmək üçün səhralaşmaya qarşı mübarizə tədbirləri təklif edilir, landşaftların gələcək mümkün inkişaf istiqamətləri əsaslandırır.
Kitab coğrafiyaçılar, ekoloqlar,səhralaşma problemi ilə məşğul olanali məktəb tələbələri üçün faydalı ola bilər.
Dağ geosistemlərinin landşaft-ekoloji differensiasiyası (Cənub-Şərqi Qafqazın şimal yamacı timsalında)
Müəllif - Kuçinskaya İ.Y.
Monoqrafiyada müasir landşaftşünaslığın aktual problemlərindən olan dağlıq ərazilərdə qlobal ekoloji gərginliyin artması şəraitində təbii-antropogen amillərin təsiri altında geosistemlərdə baş verən landşaft-ekoloji dinamiki dəyişikliklər təhlil edilir.
Daha operativ və obyektiv məlumat mənbəyi olan distansion zondlaşma materiallarından geniş istifadə edilməklə tədqiq olunan ərazidə müasir landşaft komplekslərin inkişaf təmayülləri öyrənilir, landşaft-ekoloji şərait qiymətləndirilir və geosistemlərin tarazlı inkişafını təmin etmək üçün landşaft planlaşdırılmasının zəruriliyi əsaslandırır.
Monoqrafiya coğrafiyaçılar, ekoloqlar, dağlıq ərazilərin mənimsənilməsi ilə məşğul olan mütəxəssislər, doktorantlar və ali məktəblərin tələbələri üçün faydalı ola bilər.
COĞRAFİYA ENSİKLOPEDİYASI
I Cild
Oxuculara təqdim edilən “Coğrafiya ensiklopediyası” dünyada və ayrı-ayrı regionlarda baş verən təbii və iqtisadi-coğrafi proseslərin, onların davamlı inkişafında olan problemlərin öyrənilməsində, bu problemlərin həlli yollarının axtarılmasında oxucuların köməyinə gələcəkdir. Ona görə ki, bu gün Yer planetinin təbii mühitinin qorunması, onun tarazlı inkişafının bərpa edilməsi hamımızdan və ayrı-ayrılıqda hər birimizdən asılıdır.
COĞRAFİYA ENSİKLOPEDİYASI
II Cild
Oxuculara təqdim edilən “Coğrafiya ensiklopediyası”nın ikinci cildində dünyanın ayrı-ayrı regionları və burada yerləşən ölkələr geniş şəkildə təhlil edilir. Burada ölkələr haqqında tarixi-coğrafi, fiziki və iqtisadi-coğrafi məlumatlar verilir, problemlər, onların həlli yolları təhlil olunur. Dünyanın əksər regionlarında bir neçə əsr davam edən azadlıq mübarizəsi nəticəsində çoxlu müstəqil dövlətlər yaranmışdır və siyasi xəritə böyük dəyişikliklərə məruz qalmışdır. Bununla yanaşı, hələ də müstəmləkələr, asılı ərazilər qalmaqda davam edir. Kitabda müstəqil dövlətlərlə yanaşı müstəmləkələr və asılı ərazilər haqqında da geniş məlumatlar tapmaq olar.
Sonda Azərbaycan Respublikasının fiziki və iqtisadi coğrafiyası geniş təhlil olunur, inzibati rayonlar kartoqrafik məlumatlarla birlikdə verilir. Son vaxtlarda Azərbaycanın siyasi-inzibati quruluşunda, iqtisadi və mədəni həyatında baş verən dəyişikliklər burada geniş şəkildə öz əksini tapmışdır. İnanırıq ki, təqdim edilən vəsait oxucuların marağına səbəb olacaq və onları maraqlandıran sualların cavabını kitabın səhifələrində tapa biləcəklər.
AZƏRBAYCANIN ƏHALİSİ
Müəllif – Eminov Z.N.
Kitabda son dövrlərdə Azərbaycanda baş verən ictimai-siyasi və iqtisadi proseslər nəticəsində əhalinin demoqrafik göstəricilərində baş verən dəyişikliklər, onların səbəb və nəticələri təhlil edilir. Əhalinin bir çox demoqrafik göstəricilərinin son iki əsrdə dəyişməsi meylləri göstərilir.
Ölkədə aparılan iqtisadi islahatlar əhalinin həyat şəraitinə və məşğulluğuna ciddi təsir etmişdir. Kitabın sonunda onların nizamlanması yolları təhlil edilir.
Monoqrafiya iqtisadçılar, coğrafiyaçılar, demoqraflar, sosioloqlar, həmçinin əhalinin problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
AZƏRBAYCAN RESPUBLiKASININ iQTiSADi, SOSiAL VƏ SiYASi COĞRAFiYASI
Müəlliflər – Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N.
Oxuculara təqdim olunan “Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası” kitabı ölkənin müasir iqtisadi-coğrafi problemlərini, onun həlli yollarını işıqlandıran geniş həcmli və konstruktiv xarakter daşıyan elmi əsərdir. Kitab “Coğrafiya” ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və bu sahədə çalışan müəllimlər, alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
AZƏRBAYCAN SSR-də ƏHALININ MƏSKUNLAŞMASI MƏSƏLƏLƏRI
Müəlliflər – Mehrəliyev E.Q., Əyyubov N.H., Sadıqov M.O.
Əsərdə vertikal zonallıq və meyl bucağından asılılıq nöqteyi-nəzərindən məskunlaşmanın həyata keçirilməsi üçün resurslar imkanlığı aşkara çıxarılır, məskunlaşmanın inkişafı və müasir vəziyyətinin tarixi mərhələlərinin təhlili, respublikanın müxtəlif şəraiti üçün geodemoqrafik vəziyyəti haqqında məlumat verilir.
- Geri
- İrəli >>