1.06.2016.
2016-cı il mayın 29-da tanınmış coğrafiyaçı alim, geomorfoloq, elmdə xidmətlərinə görə Dövlət mükafatına - “Tərəqqi medalına” layiq görülmüş, AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun
geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya elmləri doktoru TANRIVERDİYEV XALİD KAZIM OĞLU vəfat etmişdir.
Xalid Tanrıverdiyev 15 yanvar 1936-cı ildə Gürcüstan Respublikası Marneuli (Borçalı) rayonunun Böyük Muğanlı kəndində anadan olub. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək əvvəlcə, Bakı Dövlət Torpaq Ekspedisiyasında, 1966-cı ildən etibarən isə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1968-ci ildə “Həkəri çayı hövzəsinin geomorfologiyası” mövzusunda namizədlik, 1994-cü ildə isə “Kür dağarası çökəkliyinin Son Kaynazoyda paleogeomorfologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, bununla da Azərbaycanda paleocoğrafi təkamülün dinamikası haqqında elmin əsasını qoymuşdur. Ümumi geomorfologiya, geomorfoloji xəritələşdirmə, paleogeomorfologiya, mofostruktur təhlil, yeni tektonik hərəkətlərin geomorfoloji metodla öyrənilməsi, müasir ekogeomorfologiya, o cümlədən geomorfologiyanın nəzəri və təcrübi məsələlərinin sistemli tədqiqatçısıdır. 170-dən çox elmi əsərin, monoqrafiya və metodik vəsaitin müəllifidir.
X.K.Tanrıverdiyev Coğrafiya İnstitutunun Elmi şurasının üzvü olmuşdur. O, uzun müddət BDU-nun Coğrafiya fakültəsində ixtisas fənlərindən dərs demiş, Dövlət imtahan komissiyasının rəhbəri olmuşdur.
Allah Xalid müəllimə qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun!