15.02.2017.
Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
iclasında a.e.ü.f.d., dos. İsmayıl Quliyev “Ceyrançöl alçaqdağlıq torpaqlarının morfogenetik pozulmaları və onun qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
O bildirib ki, tədqiqatın əsas məqsədi Ceyrançöl alçaqdağlığın torpaq örtüyündə son yüz ildə baş vermiş təbii və antropogen dəyişiklikləri izləməkdən və torpaqdan istifadənin optimal metodu kontekstində elmi təkliflər işləyib hazırlamaqdan ibarət olmuşdur. Tədqiq və təhlil əsasında 1:100000 miqyasında relyefin plastikası, meyillilik xəritəsi, torpaq və torpaq deqradasiya xəritələri tərtib olunmuşdur. Aparılmış 2 illik elmi tədqiqat əsasında mühüm nəticə və təkliflər alınmışdır. Tərtib olunmuş xəritələr ərazidən istifadənin optimal yollarını müəyyənləşdirməklə yanaşı, respublikada əkin dövriyyəsinin 30 min ha-dan çox artırılmasına əsas verir. Ərazinin boz-qəhvəyi (şabalıdı) torpaqlarının çoxdan suvarılan variantlarında dehumifikasiya prosesinin zəif getməsi və bəzi hallarda balansın müsbətə doğru dəyişməsi aşkar edilmişdir. Ərazi daxilində hidrotermik şəraitdən asılı olaraq torpaq-deqradasiya prosesi şərqdən qərbə doğru tədricən zəifləyir. Tədqiqat ərazisinin ümumi torpaq fondunun 40%-dən çoxu şiddətli və çox şiddətli dərəcədə deqradasiyaya məruz qalmışdır. Tədqiqatçı hesab edir ki, Kür çayından istifadə etməklə, Ceyrançöldə 30 min ha-dan artıq torpaqları əkin dövriyyəsinə daxil etmək mümkündür. Ərazidə əkin işləri həyata keçirilərkən, deflyasiya prosesinin intensivliyi nəzərə alınmalı və torpaqqoruyucu meşə zolağı salınmalıdır və s.