04.04.2017
Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
“Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda turizmin inkişaf perspektivlərinin müəyyən edilməsində SÜOT (GZİT) proqramlarından istifadə” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi GZİT (güclü və zəif tərəflər, imkanlar və təhlükələr) – proqramından istifadə etməklə bölgədə turizm sektorunun inkişafına mane olan və təkan verən amilləri araşdırmış, yaranan imkan və təhlükələri tədqiq etmişdir. Tədqiqatçı bildirib ki, zəngin ekzotik landşaft, mineral və termal suların çoxluğu, əlverişli mikroiqlim, qumlu çimərlik, zəngin tarixi-memarlıq abidələri, özünəməxsus adət-ənənələr, mənəvi irs nümunələri, təkrarolunmazlığı ilə seçilən milli mətbəx, turizmin müxtəlif növləri üzrə investisiya potensialının olması və sairlər bölgədə turizm sektorunun inkişafına təkan verən güclü amillərdir. Lakin tarixi-memarlıq abidələrinin zəif qorunması və laqeyd münasibət, otellərin azlığı və xidmətin qiymətlərlə uyğunsuzluğu, nəqliyyat infrastrukturunun beynəlxalq standartlara cavab verməməsi, turist marşrutlarının olmaması turizmin inkişafına maneədir. Bölgədə ekstrimal və mədəni turizm, etoqrafik, qurman turlarının, kruizlərin, ekoloji turların təşkilinə imkan olsa da, bunlardan istifadə olunmur. Bölgədə turist axınlarının qeyri-bərabər paylanması müəyyən ərazilərin tamamilə istifadəsiz qalmasına səbəb olur.
Müəllif belə nəticəyə gəlib ki, regionda turizmi inkişaf etdirmək üçün mövcud maneələri, bürokratik əngəlləri aradan qaldırmaq, turizm sahibkarlığını artırmaq, geniş bazarlara çıxa bilmək üçün kənd turizmi, mövsümi və qısamüddətli turizm sahəsinə daha çox üstünlük vermək lazımdır.
Sonra Akademik Həsən Əliyevin 110 illiyinə hazırlığın vəziyyəti, Eldar Sultanovun elmi rəhbərinin dəyişdirilməsi, Q.Rüstəmovun AMEA-nın "Xəbərlər" jurnalında çap olunmaq üçün təqdim etdiyi məqalənin müzakirəsi, c.ü.f.d. Zabit Allahverdiyevə dosent elmi adı verilməsi və s. məsələlərinə baxılıb.