05.04.2017

Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.

C.ü.f.d. Habil Haqverdiyev “Azərbaycanın görkəmli iqlimşünasları: V.Fiqurovski, Ə.Şıxlinskin, Ə.Mədətzadənin və Ə.Əyyubovun elmi-nəzəri fikirlərinin öyrənilməsi” mövzusunda hesabat məruzəsi ilə çıxış edib. O, görkəmli coğrafiyaşünas alimlərin həyatı, elmi və elmi-təşkilati fəaliyyəti barədə məlumat verib,  məruzəsində onların Azərbaycan coğrafiya elminə verdikləri misilsiz töhfələrdən söhbət açıb.

Sonra  a.ü.f.d., dos. Ənvər Əliyevin “Kiçik Qafqazın şimal-şərq yamacının dağ geosistemlərinə texnogen təsirlərin ekocoğrafi qiymətləndirilməsi (Gəncəçay-Zəyəmçayarası-2015-2017-ci illər)” mövzusunda hesabat məruzəsi dinlənilib.

Tədqiqat işində mövcud texnogen landşaftların ekoloji mühiti qiymətləndirilmiş, pozulmuş təbii landşaftın xarakterinə əsasən onun optimallaşdırılmasının elmi əsasları  işlənmiş və bütün bunlar əsasında ilk dəfə olaraq ərazinin müvafiq xəritələrini  tərtib edilmişdir.

Texnogen çirklənməyə daha çox məruz qalmış Gədəbəy və Daşkəsən rayonlarının subalp və dağ-meşə zonasında faydalı qazıntıların  çixarılması zamanı əmələ gəlmiş ekocoğrafi problemlər və onların aradan qaldırılma yolları araşdırılmışdır. Bununla yanaşı vaxtı ilə istismarda olan bəzi yataqların toplanmış tullantılarından istifadə və dövriyyədən çıxmış torpaqların rekultivasiyası haqda da elmi təkliflər verilmişdir.