17.11.2015.
Akademik R.Məmmədovun elmi redaktorluğu və AMEA-nın müxbir üzvü E.K. Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları Q.İ. Rüstəmov və E.C. Kərimovanın müəllifliyi ilə
“Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri” adlı monoqrafiya yenicə çapdan çıxmışdır. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstututunun 70 illik yubileyinə həsr olunub.
Əsərdə Abşeron yarımadasının müasir landşaftları, onların ekocoğrafi vəziyyəti ən yeni materiallar əsasında şərh edilir. Tərtib olunmuş iri miqyaslı rəqəmsal "Landşaft xəritəsi" əsas götürülməklə Abşeron yarımadasının çirklənməmiş və neftlə çirklənmiş landşaftlarında makro- və mikro kimyəvi elementlərin yayılma xüsusiyyətləri təqdim olunub.
İlk dəfə təqdim olunan "Abşeron yarımadasının landşaft geokimyəvi xəritəsi" və çoxlu sayda faktik materiallar qiymətli mənbə olmaqla landşaft planlaşdırılması, ekoloji-meliorasiya, regional planlaşdırma ilə məşğul olan mütəxəssislər üçün əvəzedilməz mənbədir. Monoqrafiya landşaftşünaslar, coğrafiyaçı-ekoloq mütəxəssislər, ali məktəblərin müəllimləri, bakalavr və maqistrləri, ekologiya ilə maraqlanan geniş oxucu kütləsi və ərazi planlaşdırılması ilə məşğul olan dövlət qurumları üçün nəzərdə tutulub.
Əsər ARDNŞ-nin "Elm Fondu"nun qrant layihəsi və yerinə-yetirilən tədqiqatların nəticələri əsasında hazırlanmışdır.
X.Rzazadə,
Cİ-nin ictimai əlaqələrə
məsul əməkdaşı