Fevralın 10-da akademik Ramiz Məmmədovun sədrliyi ilə

Coğrafiya İnstitutunun elmi şurası ilə elmi seminarının növbəti birgə iclası keçirilib.

İlk əvvəl institut rəhbəri fevralın 9-da onun Respublika Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 160 saylı klassik gimnaziyada IX-X sinif şagirdləri üçün təşkil etdiyi   görüş haqqında qısa məlumat verib. Sonra iştirakçılar Azərbaycan Coğrafiya Cəmiyyətinin Şirvan Milli Parkına səfəri barədə məlumatlandırılıblar.

Daha sonra Cİ-nin Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Mövlud Teymurovun “Çayların su ehtiyatlarının rasional axım metodu ilə qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi çayların su ehtiyatlarının qiymətləndirilməsində  axımı formalaşdıran ən mühüm amilləri özündə əks etdirən daha çevik metodlardan sayılan rasional axım metodu  (Rational Method Runoff Coefficient) haqqında danışıb, onun Azərbaycan ərazisinə tətbiqinin elmi və praktiki cəhətdən səmərəliliyini əsaslandırıb.

Tədqiqatçı torpağın tipindən, mexaniki tərkibindən, torpaqların təyinatı və istifadəsindən, hövzənin meyilliyindən asılı olaraq axım əmsallarının (rasional əmsal) hesablanması düsturuna xüsusi əmsal əlavə etməklə su sərfinin dəqiqləşdirilməsinin mümükünlüyünü qeyd edib. O göstərib ki, atmosfer yağıntılarının  miqdarını bilməklə rasional axım əmsalı əsasında istənilən ərazinin su sərfini tapmaq olar. Bu problem Azərbaycan kimi su ehtiyatları ilə zəif təmin olunmuş ölkədə həmin ehtiyatların qiymətləndirilməsi  və sudan daha səmərəli istifadə üçün çox əhəmiyyətlidir.

Məruzə ətrafında gedən müzakirələrdən sonra akademik Ramiz Məmmədov bu gün Azərbaycanda su balansının dəqiq hesablanmasına ehtiyac duyulduğunu,  rasional axım metodunun bu baxımdan perspektivli metod olduğunu nəzərə alaraq müəllifi dəstəklədiyini və lazım olan köməyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Məruzənin işlənərək bir məqalə kimi “Xəbərlər” jurnalına təqdim olunması təklif edilib.