Oktyabrın 26-da  akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının növbəti birgə iclası keçirilib.

Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, g/m.ü.f.d. Rəşid Fətəliyev  “Kəlbəcər rayonunun bəzi toponimlərinin mənşəyi haqqında” mövzusu ilə məruzə edib. Müəllif Kəlbəcər rayonu toponimiyasının  kifayət qədər zəngin olduğunu və onların arasında sirləri açılmamış neçə-neçə coğrafi adın öz tədqiqatçısının yolunu gözlədiyini nəzərə çatdırıb. Alim bildirib  ki, Kəlbəcər və digər  işğal olunmuş  torpaqlarımızın coğrafi cəhətdən tədqiqi indi mümkün olmasa da,  həmin ərazilərin toponimiyasının öyrənilməsi  elmi əhəmiyyətlə bərabər, həm də mənəvi borcdur.  Qədim yurd yerlərimizin unudulmaması üçün alim və mütəxəssislərin bu məsələyə diqqəti artırması  vacibdir.

Tədqiqatçı Kəlbəcər rayonunun bəzi toponimlərinin mənşəyi haqqında məlum olan versiyaları araşdırmış, yeni, bir qədər fərqli versiyalar irəli sürmüşdür  ki, burada toponimə məxsus coğrafi xüsusiyyətlər ön plana çəkilir. Məsələn, məruzəçi “Kəlbəcər” oykonimini  “yüksək, hündür yarğan, qaya və ya qala” mənasını verən “qəlbi-cər” sözü ilə izah etməyə üstünlük verir. “Tutqun” çay və ya dərə adının əmələ gəlməsinin isə həmin dərənin hər tərəfdən dağ silsilələri ilə əhatə olunması ilə əlaqədar olduğunu bildirir və s.

Toponimika sahəsində təcrübəli mütəxəssis-alim, c.ü.f.d. Mahirə Abbasova çıxış edərək bu mövzuya müraciət etməsinə görə məruzəçiyə minətdarlıq edib, onun o yerləri qarış-qarış gəzib hər bir guşəsinə bələd olduğunu vurğulayıb, Kəlbəcər toponimləri haqqındakı müəllifin yürütdüyü fikirlərə münasibətini bildirib.

Sonra Elmi şuranın qərarı ilə Coğrafiya İnstitutunun növbəti dəfə çapa hazırladığı “Azərbaycanın coğrafiyaçı alimləri” kitabının daha mükəmməl, əhatəli işlənməsi üçün 9 nəfərdən ibarət redaksiya heyəti  təsdiq olundu.