28.11.2016

Noyabrın 25-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Həmkarlar İttifaqı Komitəsinin hesabat iclası keçirilib.

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev iclasda iştirak edib.  HİK sədri, c.ü.f.d. Habil

Haqverdiyev hesabat məruzəsi ilə çıxış edərək, 2013-2016-cı illər ərzində Komitənin gördüyü işlər barədə danışıb,  əməkdaşların asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün bir sıra tədbirlərin həyata keçirildiyi bildirilib. O qeyd edib ki, HİK əməkdaşların sosial məsələlərin həllində yardımçı olmaqla yanaşı, rəhbərliklə birgə çalışaraq  elmi işçilərin yaradıcılığının yüksək səviyyədə təşkilində köməkçi olmağı  öz fəaliyyətində başlıca vəzifə hesab edir.

Komitə sədri məruzəsində Həmkarlar İttifaqının fəaliyyətində olan bəzi  çatışmazlıqlara da toxunaraq, onların bir sıra təkliflərlə yanaşı nəzərə alınmasını AMEA Azad Həmkarlar İttifaqı sədrindən xahiş edib.

Akademik Ramiz Məmmədov çıxış edərək əməkdaşların sosial rifahının yaxşılaşdırmasına diqqətin artırılmasını vacib  hesab edib. Bunun üçün akademiya şəhərciyində səhiyyə mərkəzinin, kitab köşkünün açılmasının, aztəminatlı ailələrə müavinətlərin artırılmasının məqsədəuyğunluğunu nəzərə çatdırıb.

Sonra AHİ sədri İ.Alıyev çıxışında məruzə ilə əlaqədar fikirlərini diqqətə çatdırıb və gələcəkdə işin yaxşılaşdırılması üçün görülən tədbirlərdən danışıb.

Coğrafiya İnstitutu Həmkarlar İttifaqı Komitəsinin işi qənaətbəxş hesab edilib.