Məqalə Pleystosendə Azıx mağarasında paleolit insanlarının məskunlaşmasının ekoliji şəraitinə həsr olunmuşdur.

 Kompleks tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, paleolit insanları ilk dəfə olaraq mağarada Eopleystosen (Abşeron əsri) əsrinin sonunda (l,8 milyon il) məskunlaşmağa başlamışlar.  Bu insanlar ən çox Pleystosenin buzlaq əsrlərində mağarada kəskin soyuqlardan sığınacaq tapmışlar.

Buzlaqlarası istiləşməəsrlərində isə çox vaxt mağaranı tərk edərək, münbit çay terraslarında, açıq şəraitdə yaşamağa üstünlük vermişlər.

 Azıx mağarası Kiçik Qafqazın Şərqində, Füzuli rayonunda 15-16 km cənub-qərbdə Əyriçay dərəsinin olduqca mənzərəli bölgəsində dəniz səviyyəsində 700 m yüksəklikdə yerləşir.

Ərazinin təbii şəraitinin belə əlverişli olması paleolit insanlarının nəzər-diqqətini cəlb etmiş və Eopleystosendə (Abşeron əsri) məskunlaşmağa başlasalar da, Pleystosen buzlaşmaları zamanı daha uzun müddətli və ardıcıl məskunlaşmağa məcbur olmuşlar. Eopleystosendə məskunlaşma zamanı Kür çökəkliyi, o cümlədən Azıx mağarasının ətrafları  növ və  sıxlıq baxımından daha zəngin olan həmişəyaşıl bitkilərlə (ekvalipt, Araqlıq dənizi tipli həmişəyaşıl palıd, mimoza, çiyələk ağacı, dəfnə, dəfnə-albalı və s.) birliklərlə yarpaqtökən ağacların (fıstıq, vələs, palıd, ağcaqayın və s.) qaşığından ibarət meşə landşaftı mövcud olmuşdu. Belə bir təbii şəraitdə Kür çökəkliyində, o cümlədən, Azıx mağarası zonasında müxtəlif heyvan növlərinin (cənub filləri, kərgədan, dəvəquşu və s.) yayılması üçün əlverişli şərait hakim olmuşdur. Digər tərəfdən Xəzər dənizinin bütün Kür çökəkliyini örtərək, qərb sərhədinin Azərbaycanın müasir sərhədinə qədər (Ağstafaçayın mənsəbinə qədər) çatması və beləliklə, dənizin mağaraya yaxın əraziləri örtməsi paleolit insanlarına balıq və digər ovçuluq üçün əlverişli şərait yaranmışdır.

Lakin, bu olduqca əlverişli şərait Erkən Pleystosenin əvvəlində Yer Kürəsinin qlobal soyuqlaşması, Kiçik Qafqazın yüksək dağ qurşağında (2000 m-dən yuxarıda) ilk Erkən Pleystosen buzlaşmasının formalaşması paleolit insanlarının vəziyyətinin olduqca çətinləşməsinə səbəb olmuşdur. Bu isə Azıx mağarası ətraflı zonasının kəskin soyuqlaşmasına və insanların məcburiyyət qarşısında mağarada daha sıx cəmləşməsinə səbəb oldu. Bütün bu deyilənləri Azıx mağarasının bu əsrə aid çöküntülərin (VIII təbəqə) tərkibində mədəni tullantıların (sümük, ocaq, müxtəlif ağac parçaları və s.) çoxalması aydınca sübut edir.

Qlobal soyuqlaşmanın paleolit insanları üçün yaradığı digər mühüm çətinlərdən biri də, Xəzər dənizində baş verən ilk dərin reqressiya olmuşdur. Bu zaman (Erkən Pleystosenin əvvəli) Xəzər dənizi nəinki, Kür çökəkliyini tamamilə tərk etmişdir, hətta indiki səviyyəsindən 300 m aşağı düşmüşdür. Bu da qədim insanların balıq ovuna olan imkanlarını tamamilə məhdudlaşdırmışdır.

Paleolit insanlarının ekoloji vəziyyətlərini çətinləşdirən digər mühüm məsələlərdən biri də, Kür çökəkliyində və mağara zonasında Eoplyestosendə geniş yayılan savanna heyvanlarının buzlaşma nəticəsində tamamilə sıradan çıxması olmuşdur. Azıx mağarasının VIII təbəqəsində aşkar edilən sümük qalıqlarının əksəri mağara ayısının, mağara şirinin, mağara kaftarının sümük qalıqlarına aid olması, Erkən Pleystosenin ilk buzlaşması (Türkan buzlaşması) zamanı bu heyvanların meydana gəlməsini sübut edir.

Erkən Pleystosenin ilk buzlaşması zamanı insanların ekoloji vəziyyətinin çətinləşməsinin digər forması Eopleystosendə ərazidə geniş yayılmış həmişəyaşıl bitkilərin sıradan çıxmasıdır və meşə örtüyünün kasıblaşması (seyrəkləşməsi) olmuşdur. Bu səbəbdən heyvanlar aləmi də kifayət qədər azalmışdır

Erkən Pleystosen buzlaşmasının yaratdığı bütün bu çətinliklər insanların artım şəraitini də kifayət qədər məhdudlaşdırmışdır.

Lakin, Erkən Pleystosenin ortalarında paleolit insanlarının ekoloji vəziyyətlərinin yenidən əsaslı dəyişikliklər baş verir. Bu zaman qlobal istiləşmə nəticəsində dağlıq ərazilərdəki buzlaqlar əriyir və çayların su balansı güclənir, Xəzər dənizinə gələn su balansı kəskin çoxalır və ilk Erkən Pleystosen transqressiyası formalaşır. Bu zaman Xəzər dənizi Kür çökəkliyini örtərək, qərb sərhəddi Gəncəçayın mənsəbinə qədər genişlənir. Eyni zamanda dəniz Azıx mağarası zonasına da, yaxınlaşır. Bu isə insanların balıq ovunu asanlaşdırır. Deyilənləri mağara çöküntülərindən aşkar edilmiş balıq qalıqları sübut edir.

Dağlıq ərazilərdə buzlaqların əriməsi paleolit insanlarının ovçuluq dairələrini də genişləndirir. Bu dövrə aid çöküntülərdə (VII mədəni təbəqə) buzlaq əsrlərində mövcud olan heyvan (mağara ayısı, mağara şiri) sümüklərinə rast gəlinmir və isti iqlim şəraitində yayılmış heyvan sümüklərinin (vəhşi öküz, vəhşi at, qulan, cüyür, müxtəlif maral növləri) bu ərazinin çay terraslarında tez-tez rast gəlməsi iqlim şəraitinin istiləsməsini sübut edir.

Çöküntülərin palinoloji tərkibinin təhlili də, göstərir ki, Erkən Pleystosenin ortasında Kiçik Qafqazda, o cümlədən Azıx mağarası ətrafında rütubətli iqlim şəraiti davam etmişdir.

Bütün bu qlobal istiləşmə Azıx mağarası ətrafında zəngin enliyarpaqlı yarpaqtökən ağacların yayılmasına səbəb olmuşdur. Lakin Eopleystosenlərdə mövcud olmuş həmişəyaşıl ağac növləri bir daha təkrar olunmamışdır. Yalnız ayrı- ayrı sarmaşıq növlərinin tozcuqları təyin olunmuşdur.

Bütün bu göstəricilər paleolit insanlarının ekoloji vəziyyətini kifayət qədər yaxşılaşdırmışdır. Bunun nəticəsində Azıx və onun ətrafında insanların sayı nisbətən artdı. Deyilənləri bu dövrə aid (VII mədəni təbəqə) sümük qalıqlarının çoxalması və insanın mədəni tullantılarının artması da, sübut edir. Azıx ətrafında istiləşmə ilə əlaqədar olaraq heyvanat aləminin növ və sayının artması paleolit insanlarının ekoloji şəraitinin, ovçuluq dairəsinin genişlənməsinə səbəb olmuşdur.

Erkən Pleystosenin sonunda növbəti soyuqlaşma və Kiçik Qafqaz yüksək dağlıq qurşağında formalaşan buzlaşma Azıx mağarası ətrafında da ciddi dəyişikliklər yaratmışdır. Bu dəyişikliklər ilk növbədə paleolit insanlarının soyuqdan mühafizə olunmaq üçün mağaraya üz tutması, bitki örtüyü tərkibində soyuq iqlim şəraitində bitən tozağacı və iynəyarpaqlıların üstünlük təşkil etməsi, yarpaqtökən istisevən ağacların (palıd, vələs, ağcaqayın və s.) düzənliyə doğru miqrasiya etməsi və s. məsələlərdə öz əksini tapmışdır.

Xəzər dənizində növbəti sayca ikinci reqressiya baş vermişdir ki, bu da öz növbəsində Xəzər dənizinin Azıx mağarası zonasından çox uzaqlaşması, qədim insanların balıq ovundan istifadəsinin qeyri-mümkün olması ilə nəticələndi.

Azıx mağarası ətrafında soyuq iqlim şəraitinə uyğunlaşmış ağac növlərindən tozağacı, iynəyarpaqlılardan ibarət seyrək meşə formalaşmışdır. Bu isə öz növbəsində həmin ərazidə heyvanat aləminin kəskin azalmasına, heyvanların düzənliyə doğru miqrasiya etməsinə səbəb olmuşdur. Bu əsrə aid heyvan sümükləri qalıqları tərkibində yenidən mağara ayısının, mağara kaftarının, mağara şirinin və quru çöl şəraitində daha çox rast gələn gəmiricilərin sümük qalıqlarının üstünlük təşkil etməsi iqlimin kəskin soyuq və quru olmasını göstərir.

Azıx mağarası və ətraf zonalarının fiziki-coğrafı şəraitindəki əsaslı dəyişikliklər  orta Pleystosenin birinci yarısında baş vermişdir. Bu zaman Pleystosendə Xəzər dənizində növbəti  geniş miqyaslı transqressiya baş verir. Lakin bu transqressiya miqyasına görə birinci, ilk transqressiyadan xeyli geri qalmasına baxmayaraq, Mingəçevir su anbarına qədər olan ərazilər dəniz suları altıda qalmışdır.

Kür çökəkliyində dənizin genişlənməsi Kür çökəkliyinin kənar hissələrində, o cümlədən Azıx mağarası ətrafında yağıntıların çox olması (900-1200 mm) bitki örtüyünün zənginləşməsi, xüsusilə enliyarpaqlı meşə örtüyünün zənginləşməsi heyvanat aləminin növ və sayca çoxalmasına səbəb olmuşdur. Bu isə öz növbəsində paleolit insanlarının ovçuluq dairəsinin genişlənməsinə səbəb olmuşdur.

Sümük qalıqları tərkibində vəhşi öküz, vəhşi at, qulan, ceyran, cüyür və müxtəlif maral sümüklərinin üstünlük təşkil etməsi Azıx mağarası ətrafında müxtəlif landşaft tiplərinin yayılmasını, xüsusilə enliyarpaqlı meşə landşaftı, çöl donuzunun iştirakı ayrı-ayrı bölgələrdə qamışlıqların və sıx pöhərliyin formalaşmasını, vəhşi atın, qulanın və ceyran sümüklərinin iştirakı Kür çökəkliyi ərazisində çöl və yarımsəhra landşaftlarının mövcudluğu ğöstərir ki, paleolit insanları yalnız Azıx mağarası ətrafı deyil Kür çökəkliyi ərazisində də ov etmişlər.

Orta Pleystosenin ikinci yarısında Azıx mağarası ətrafında fıziki-coğrafı şəraitin yenidən dəyişməsi baş verir. Orta Pleystosenin bu kəsiminin palinoloji tərkibini təhlil edərkən məlum olur ki, çöküntülərin tərkibində ağac bitkilərindən tozağacı, cırtdan tozağacı, iynəyarpaqlılar ağac bitkilərinin 60-70%-ni təşkil edir.

İstisevər enliyarpaqlı ağac növləri (palıd, vələs, ağcaqayın, fıstıq və s.) ağac bitkilərinin 25-30% təşkil edir.

Kol bitkilərindən böyürtkən, göyəm bitkilərinin tozcuqları iştirak edir. Ot örtüyü ən çox subalp zonasına məxsus bitkilər (gicitkən, kəklikotu, turşəng, bağayarpağı və s.) üstünlük təşkil edir. Bütün bu göstəricilər sübut edir ki, Orta Pleystosenin ikinci yarısında Azıx mağarası ətrafında kəskin soyuq iqlim şəraiti formalaşmışdır. Tozağacı və cırtdan tozağacının yayılması meşənin yuxarı sərhəddinin aşağı düşməsi kəskin soyuqlaşma ilə əlaqədardır.

Azıx mağarası VII təbəqə çöküntülərinin tərkibindən tapılmış soyuq iqlim şəraitinə uyğunlaşmış heyvan sümüklərinin (mağara ayısı, mağara şiri, ceyran, vəhşi at, qulan və s.) üstünlük təşkil etməsi dağlıq ərazilərin buzlaqlarla örtülü olması ilə əlaqədar olaraq paleolit insanları ov sahəsi kimi yalnız Kür çökəkliyindən istifadə etmişlər.

Beləliklə, Orta Pleystosenin ikinci yarısının bitki örtüyü və heyvanat aləminin qalıqları sübut edir ki, Orta Pleystosenin ikinci yarısında Kiçik Qafqazın yüksək dağlıq ərazilərində (2000 m-dən yuxarı) Pleystosendə sayca üçuncü buzlaşma formalaşmışdır. Bu zaman yüksəklik zonallıq əsaslı dəyişikliyə uğramışdır. Buzlaqlardan aşağıda (2000 - 1200 m yüksəklik arasında) subalp və alp çəmənliyi zonası, 1200-1300 m-dən aşağıda tozağacı, iynəyarpaqlılardan ibarət seyrək meşə, düzənlik ərazilərdə isə seyrək enliyarpaqlı düzənlik meşəsi, tuqay meşəsi, bəzən çöl və yarımsəhra landşaftları formalaşmışdı.

Belə soyuq iqlim şəraitində paleolit insanlarının ekoloji şəraitləri olduqca çətin keçirdi. Onlar günlərini əsasən mağara şəraitində keçirməyə məcbur olurdular. Deyilənləri VII mədəni təbəqənin tərkibində külli miqdarda sümük, arxeoloji və digər tullantılarla dolu olması əyanı sürətdə sübut edir.

Son Pliosendə (Üst Xəzər əsri) Azıx mağarası ətrafında və ümumiyyətlə Kiçik Qafqazın ərazisində təbii şərait əsaslı dəyişikliyə məruz qalır. Bu dəyişiklik qlobal istiləşmə ilə əlaqədar olmuşdur. Bu əsrdə dağlıq ərazilərdə, o cümlədən, Kiçik Qafqazın dağlıq ərazilərində Orta Pleystosenin sonunda formalaşmış buzlaqlar əriyərək, çayların su balansının dəfələrlə artmasına və bununla Xəzər dənizi səviyyəsinin qalxmasına və dənizin Kür-Araz ovalığım örtməsinə səbəb olur. Mil, Muğan, Qarabağ, Naftalan və Gəncə-Qazax maili düzənliklərindən illik yağıntılar 500-600 mm-ə qədər yüksəlir. Bu isə həmin ərazilərdə düzənlik və tuqay meşələrinin zənginləşməsinə səbəb olur.

Kiçik Qafqazın alçaq və orta dağlığında ağcaqayın, palıd, vələs qarışığı olan sıx fıstıq meşələrı yamacları örtür. 2000-2400 m-dən yuxarıda subalp və alp ot bitkiləri ilə örtülür.

Lakin Xvalın əsrində Azıx mağarası ətrafında növbəti qlobal soyuqlaşma, yüksək dağlıq qurşaqda sonuncu (dördüncü) buzlaq landşaftı formalaşır. Qeyd olunan buzlaq əksər əvvəlki buzlaq əsrlərindən vaxt etibarı ilə qısa olsa da, olduqca quru və soyuq əsr kimi səciyyəvi olmuşdur. Paleolit insanları Azıx, Tağlar, Damcılı, Daş Salahlı mağaralarında daha sıx məskunlaşmağa məcbur olmuşlar.                                                                                      

 B.C.Ələsgərov., Muradlı E.V.