Mayın 15-də konfrans zalında keçirilən tədbir Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyevin 75 illik yubileyinə həsr olunmuşdu.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, t.e.d., professor Ramiz Məmmədov tədbiri giriş sözü ilə açaraq Habil müəllimin həyat və fəaliyyəti haqında qısaca məlumat verdi. Qeyd etdi ki, H.Haqverdiyev 1984-cü ildən “Coğrafi fikir tarixi” şöbəsinə rəhbərlik etdiyi  dövrdən “Azərbaycanda coğrafi tədqiqatların tarixi”, “Azərbaycanda coğrafiya elmini kadr potensialı”,  “Coğrafi fikirlərin tarixi” və s. mövzularda bir sıra elmi-tədqiqat işləri aparmış və yüksək səviyyəli elmi hesabatlar vermişdir. Uzun illər birlikdə çalışdıqları müəssisədə dəyərli alim, məsuliyyətli şöbə müdiri, işinin öhdəsindən ustalıqla gələn ictimaiyyətçı, yaxşı yoldaş, təvazökar insan kimi özünü tanıdan H.Haqverdiyev haqqında direktor xoş sözlər söylədi.

İnstitutun elmi işlər üzvə direktor müavini, coğrafiya elmləri doktoru Elbrus Əlizadə Habil müəllimi 40 il əvvəl də Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri kimi tanıdığını, bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün  lazım olan bütün müsbət keyfiiyyətlərin onda cəmləşdiyini, bir alim kimi də landşaftşünaslıq  sahəsində öz sözünü demiş mütəxəssislərdən olduğunu qeyd etdi: “Habil müəllim özünün zəngin elmi-təcrübi biliklərini  Azərbaycanın ali məktəblərində gənclərimizə yorulmadan aşılayır, kadr potensialının yetişməsində böyük əmək sərf edir”.

Həmkarları da H.Haqverdiyevi  həm alim, həm ictimaiyyətçi, həm də bir dost kimi müsbət xarakterizə edərək, onun qayğıkeş, səmimi, həmişə əməkdaşların mənafeyini müdafiə edən, işinə məsuliyyətlə yanaşan, özünə qarşı tələbkar insan olduğunu nəzərə çatdırdılar.

Yəqin ki, bu tədbir kollektivin təvazökar bir insan kimi tanıdığı Habil müəllimin öz yübileyinə münasibətdə ifrat təvazökarlığı ilə də xatirələrdə qalacaqdır. Belə ki, yubilyar tədbirin keçirilməməsini xahiş etmişdi, lakin buna nail ola bilmədikdə utancaqlıqla “Axı mənim xalq qarşısında elə  nəhəng xidmətlərim olmayıb..", deyə etirazını bildirdi.

H.Haqverdiyevə yübilüy münasibətilə hazırlanmış adreslə yanaşı  gül dəstəsi təqdim olundu. Yubilyar ona olan diqqətə görə institut kollektivinə təşəkkür və minnətdarlığını bildirdi.